“Avtomobillərdə arxa və yan şüşələrində pərdə olan sürücülər inzibati qaydada cərimələnməyəcəklər. Amma bu qadağanın ləğv olunması ilə bağlı hələ qərar yoxdur”.

Bu barədə Modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, noyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov yerlərə telefonoqram göndərib və qadağanın dayandırılmasını əmr edib. Lakin deputat qeyd edib ki, nə qədər ki, ”Yol hərəkəti haqqında” Qanundan pərdə və plyonkalarla bağlı qadağanı ehtiva edən maddə çıxarılmayıb, bu qadağa istənilən vaxt tətbiq edilə bilər.

“Hazırda müvafiq qurumlar bu qanunun üzərində işləyirlər. Ümid edirəm ki, yaxın günlərdə qanunda dəyişiklik olacaq, arxa və yan şüşələrə pərdə və plyonkaların vurulması ilə bağlı qadağalar götürüləcək. İstəyirəm ki, bu qərar ləğv olunsun. Bu qadağanın qoyulması yanlışdır. Ola bilər 15-20 il öncə bu, cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində lazım idi. Çünki ölkədə durum fərqli idi, indi zaman dəyişib. Cənab prezident turizmin inkişafı ilə bağlı mövqe ortaya qoyub, turistlər gəlir. Biz o turistləri başa sala bilmərik ki, hansı ayda jalüzlərdən istifadə etmək olar, hansı ayda yox. Turistə necə demək olar ki, bizdə aprelin 30-da maşında plyonka qadağandır, mayın birində isə olar. Avropa Komissiyasının qərarına görə, arxa yan şüşələrə pərdə vurulması sürücünün öhdəsinə buraxılır. Belə olan halda biz nəyə görə qadağalar qoymalıyıq? Biz Avropaya inteqrasiya ediriksə bu qadağanı ləğv etməliyik. Hər il 100 minə yaxın sürücü bu qadağaların təsiri altına düşürdü. Mən bu qadağanın ləğvinin tərəfdarıyam. Bir daha qeyd edirəm ki, əgər qeyd olunan şüşələrin tündləşdirilməsi yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi”, – deyə Ç.Qənizadə bildirib.