Fərahim İlqaroğlu: “Partiya bileti, mitinqdə iştirak, təşkilat sədri ilə şəkil çəkdirmək Almaniyada qaçqın statusu almağa əsas ola bilməz”

Almaniyada yaşayan mühacir jurnalist, keçmiş əməkdaşımız Fərahim İlqaroğlu suallarımızı cavablandırdı. O, “Yeni Müsavat”a müsahibəsində gündəmdə olan mühacir biznesindən, son həbslərdən danışdı:

– Fərahim bəy, Avropa Birliyi ölkələrindən niyə məhz Almaniya daha çox miqrant qəbul edir?

 – 1951-ci il Cenevrə Konvensiyasını imzalayan ölkələrdən biri də Almaniyadır. Bu ölkəyə ən böyük qaçqın axını 2014-2015-ci illərə təsadüf edir. Onların əksəriyyəti Suriya və İraqdan gələn qaçqınlar idilər. Həmin dövrdə Almaniya qaçqın qəbulunda böyük təcrübəyə malik deyildi. Ona görə ağır şəraitli kamplar mövcud idi, çadır kamplardan istifadə edilirdi. Hər nə qədər qida və istilik təmin olunsa da, şərait dözülməz idi. Amma ötən 4 ildə Almaniya təcrübə topladı, ağır kamplar bağlandı, məktəb binaları, qocalar evi artıq kamp kimi istifadə edilir. Hazırda xüsusi məntəqələr və konteyner binalar var ki, miqrantlar ora qəbul olunur. Sadəcə, qaçqın qəbulunda hər ölkənin üzərinə düşən kvota var. Məsələn, Macarıstan, İtaliya üzərinə düşən öhdəliyi lazımı səviyyədə yerinə yetirmir. Almaniya isə öhdəliyi nəinki yüksək səviyyədə yerinə yetirir, hətta digər ölkələrin payını da götürür.

– Hazırda Almaniya üzrə kvota nə qədərdir?

– Almaniya üzrə kvota 200 mindir. Əvvəlki illərdə kvota 180 min idi. Bura qaçqınlar üçün ona görə cazibədar görünür ki, işçi qüvvəsinə ciddi şəkildə ehtiyac var. Hökumət hesab edirdi ki, işçi qüvvəsinə tələbat əcnəbilər hesabına ödənməlidir. Bundan sonra Almaniya böyük qaçqın axınına məruz qala bilərdi. Ona görə əməkçi miqrant statusu qanununa dəyişiklik edildi. Artıq 2020-ci ilin yanvarından qanun qüvvəyə minir. Bu, işçi qüvvəsini qaçqınlar yox, ixtisaslı kadrlar hesabına doldurmaq istəyidir. Əvvəl şirkətlərə deyilmişdi ki, işçi qüvvəsini daxildə axtarın. Əgər dolmasa, Avropa Birliyi ölkələrindən gətirin, bu da alınmasa xaricə üz tutun. İndi isə bütün bu bürokratik əngəllər aradan qalxıb. Hər şirkət Koreyadan tutmuş Azərbaycana qədər dünyanın hər yerindən işçi gətirə bilər. Bu yaxşı hadisədir və həmvətənlərimiz üçün bir şansdır. Çünki Almaniyada informatika mütəxəssisi, həkim işləyə bilər. Elə adam var ki, Bakıda informatika müəllimi olub, ayda 200-300 manat maaş alıb. Almaniyada isə onlara 4-5 min avro maaş verilir. Müəllim əvvəllər işlə bağlı müraciət edib gələ bilmirdi, məcbur idi ki, qaçqın kimi üz tutsun. İndi belə olmayacaq və işçi statusu ilə miqrant qəbul olunacaq. 

– Qaçqın və işçi statusundan söz düşdü, saxta mühacir sənədi deyərkən nə nəzərdə tutulur? Almaniya Miqrasiya İdarəsi hansı sənədi real, hansını saxta sayır?

“Bəzi azərbaycanlılar şikayətlənir ki, alman məmura dərdimi danışdım, o isə dedi ki, ölkənizdə neft-qaz var, şərait var, rədd cavabı alır…”

– Saxta və əsl mühacir davası yalnız azərbaycanlılar arasında mövcuddur. Siyasi mühacir termini ilə razı deyiləm. Belə çıxır ki, iqtisadi mühacir də var, sosial mühacir də var. Əgər mühacirsənsə, ölkəndəki şərait və yaşayış, üzləşdiyin problemlər, təzyiqlər barədə Miqrasiya İdarəsində danışırsan. Sənə mühacir statusu qərarını da Almaniya verir. Yəni, hansısa Məmməd, sosial şəbəkədə olan Məhərrəm fikir bildirə, qərar verə bilməz. Ola bilər ki, həmin adam heç təzyiqlə üzləşməyib, amma başqa səbəb göstərib yaşamaq icazəsi ala bilər. Mühacir deyəndə Azərbaycan cəmiyyəti fikirləşir ki, hakimiyyət onu sıxışdırıb, təqib edib, həyatına ölüm təhlükəsi olub. Qətiyyən elə deyil. Davamlı olaraq izlədiyim statistika da göstərir ki, sığınacaq istəyənlərin əksəriyyəti humanitar fəlakətdən, müharibədən, xəstəlikdən müalicə ala bilməyənlərdir. Bu, Azərbaycana da aiddir. Eləsi var ki, humanitar yaşamaq icazəsi alıb. Bu gün Almaniyada partiya bileti, mitinqdə iştirak, müxalif təşkilatın sədri ilə foto çəkdirmək halları qaçqın statusu almağa əsas ola bilməz. Almaniya Miqrasiya Xidməti əməkdaşlarının baxış bucağı belədir ki, mitinqdə iştirak etmisənsə, deməli, sənin sərbəst toplaşma hüququn tapdalanmayıb, aksiyada iştirak edə bilmisən. O baxımdan əsas şərt kimi təqib olunduğunu sübut etməlisən.  Təbii ki, alman məmurlar hər zaman partiyalar, Azərbaycanda siyasi vəziyyət haqda bilgilərə malik olmurlar. Bəzi azərbaycanlılar şikayətlənir ki, alman məmura dərdimi danışdım, o isə dedi ki, ölkənizdə neft-qaz var, şərait var və s. ilaxır. Bu zaman ona rədd cavabı verilir.

Son 2-3 il olar ki, Azərbaycan-Almaniya hüquq-mühafizə orqanları arasında əməkdaşlıq sıxlaşıb. Artıq polisdən, məhkəmədən, partiyalardan saxta sənədləri araşdırmaq heç də çətin deyil. O ki qaldı partiya sənədləri ilə qaçqın statusu almağa, bir çox partiya üzvləri, hətta YAP üzvü olanlar var ki, Almaniyada sığınacaq alıb. Məsələn, partiya üzvlərinə arayış verir, onların arasında məşhurları var. Sadəcə, dəstək məktubu almaq istəyir. Partiya məcburdur ki, o sənədi versin. Biz mütəxəssis deyilik və söyləyə bilmərik ki, həmin sənəd orijinaldır yoxsa saxtadır. Lakin bəzən blanklarda tarixlər düzgün olmur, məlumat doğru göstərilmir, partiyaya yeni qoşulan üzv var, amma uzun illər aktiv olduğu cümlələri yazılır. Bu da həmin şəxs haqda mənfi fikir formalaşdırır.

– Alman polisinin saxladığı müsavatçı Mehdi Xəlilbəyli, “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və digərləri barədə nə deyə bilərsiniz?

“Almaniya qaçqınlar üçün ona görə cazibədar görünür ki…”

– Mehdi Xəlilbəylini şəxsən tanımıram, adını eşitmişəm. Ona görə şərh verə bilmərəm. Yalnız onu bilirəm ki, istintaq gedir. Əlövsət Əliyevi tanıyıram, Düsseldorf şəhərində çalışırdı, vaxtilə müsahibələr almışam. Eyni zamanda, miqrasiya qanununu bilən mütəxəssis kimi ona müraciət etmişik, həmvətələrimizlə bağlı suallar ünvanlamışıq, böyük köməyi olub. Çünki Almaniyada vəkilə getmək çox bahadır, Əlövsət Əliyev hüquqi məsləhətlər, informasiya dəstəyi verib. Təəssüf ki, o da saxlanıb və barəsində 6 aylıq həbs-qətimkan tədbiri seçilib. Biz istintaqın nəticəsini gözləməliyik. Almaniya mediasında nə Mehdi Xəlilbəyli, nə Əlövsət Əliyev haqda yazılıb. Sadəcə, saxlanılanlar arasında iki azərbaycanlı olduğu xəbər verilib. Əlövsət Əliyevin oğlu özü Azərbaycan mətbuatına atasının saxlandığını təsdiqləyib. Bildirim ki, o, Almaniyada iki aksiya təşkil edib. AXC 100 il və 2 yaşlı Zəhra balanın qətlinə etiraz yürüşləri edib. Yəni burada yaxşı insan kimi tanınır. Almaniyada 39-40 diaspor təşkilatı var, amma 3-5 adamı yığa bilmirlər, o isə yüzlərlə insanı yürüşə cəlb edib.

– Sizcə, mühacir biznesinin şəbəkəsi ilə bağlı əməliyyatlar digər Avropa ölkələrinə qədər uzana bilərmi və Almaniyada bundan sonra qaçqın qəbulunda qanunlar sərtləşdiriləcəkmi?

– Qanunların sərtləşməsi təkcə miqrant alveri ilə bağlı deyil. Ümumiyyətlə, Almaniyada mühacir statusu almaq çətinləşir. Hətta Almaniyaya viza almağın özü oturum almaq qədər çətinləşib. Xüsusən Balkan ölkələrindən qaçqın axını var və Almaniya bunun qarşısını ala bilmir. Sərhədlər yoxdur, avtobanlardı deyə tıxaclar yaranır. Bütövlükdə miqrant alveri məsələsi 2014-cü ildən gündəmdədir. Sadəcə, alman polisi bir dəstəni zərərsizləşdirmək üçün dərhal onları tutmur, yol xəritəsini müəyyənləşdirir, digər ölkələrə uzantılarını öyrənir, böyük əməliyyat hazırlığı olur. Ona görə bu şəbəkənin İsveçrə, Hollandiya və s. ölkələrə qədər bağlantılarının olduğunu söyləmək çətindir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”