Suriyanın İdlib şəhərində Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində Türkiyənin 9 əsgəri şəhid olub. Bu barədə Hatay valisi Rahmi Doğan açıqlama yayıb.

Onun sözlərinə görə, xeyli sayda ağır yaralılar var. Yaralılar Cilvegözü sərhəd qapısından Türkiyəyə gətirilib və xəstəxanalara yerləşdiriliblər: 

“Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Millətimizin başı sağ olsun. İctimaiyyəti məlumatlandırmağa davam edəcəyik.

Xəstəxanalarda bütün tədbirlər görülüb, tibbi heyətin hamısı iş başındadır. İnsanların xəstəxanaların ətrafına toplaşmamasını xahiş edirəm”.

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin şəhid sayı artıb. Hatay valisi Rahmi Doğan “Anadolu Agentliyi”nə 22 türk əsgərinin şəhid olduğunu açıqlayıb.

**

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin şəhid sayı 29 nəfərə çatıb. Bunu Hatay valisi Rahmi Doğan açıqlayıb. 

Onun sözlərinə görə, yaralanan 36 hərbçinin müalicəsi davam edir. 

**

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin şəhid sayı növbəti dəfə artıb. Hatay valisi Rahmi Doğan indiyədək 33 türk əsgərinin şəhid olduğunu açıqlayıb.