“Qafqaz Universiteti həm öz maddi-texniki bazası, həm də tələbələrin səviyyəsinə görə respublikada tanınmış ali məktəblərdən biridir. Universitetdə təhsilin 60-70 faizi ingilis dilindədir. Universitetin 3 böyük – filologiya, idarəetmə və mühəndislik fakültələri var”.

Bunu açıqlamasında Qafqaz Universitetinin rektoru Havar Məmmədov deyib. Rektor universitetin perspektiv planlarından da danışıb.

H. Məmmədovun sözlərinə görə, Qafqaz Universitetini, onun beynəlxalq əlaqələrini daha da genişləndirmək istəyirlər.

“Biz həmçinin universitetdə olan ənənələrə yenilik gətirmək niyyətindəyik. Tələbələrin universitet həyatında fəal iştirakını təmin etmək istəyirik. Professor-müəllim heyətinin sosial durumlarını daha da yaxşılaşdırmağı qarşımıza məqsəd qoymuşuq. Ölkəmiz üçün çoxşaxəli sahələr üzrə yüksək ixtisaslı kadrlar hazırlayacağıq. Dövlət səviyyəsində qarşımıza qoyulan bütün məsələləri yüksək səviyyədə həll etmək istəyirik ”,-deyə o əlavə edib.

Rektor universitetin statusu dəyişdikdən sonra oradan müəllimlərin çıxarılıb-çıxarılmaması məsələsinə də aydınlıq gətirib.

“Heç bir müəllim işdən çıxarılmayıb. Sadəcə Türkiyədən olan 45 müəllim avqust ayında öz işlərini tərk ediblər. Onları heç kim işdən çıxarmayıb”.

H. Məmmədov Qafqaz Universitetinin diplomlarının tanınmayacağı barədə yayılan məlumatlara da münasibət bildirib.

“Türkiyənin Ali Təhsil Şurasının bu haqda qərarı ilə tanış deyiləm. Amma Türkiyə böyük ölkədir. Özü istədiyi qərar qəbul edə bilər. Ancaq Qafqaz Universiteti Azərbaycanın təhsil müəssisəsidir. Buna görə də, diplomların Azərbaycanda, dünyada tanınması məsələsində heç bir problem olmayacaq. Dünyada necə digər ali məktəblərin diplomları tanınırsa, ona uyğun olaraq Qafqaz Universitetinin də diplomları tanınacaq”.

Qeyd edək ki, bu ilin iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edildikdən bir müddət sonra Qafqaz Universitetinin statusu dəyişdirilib. O, Bakı Ali Neft Məktəbinin (BANM) tabeliyinə verilib və H. Məmmədov ora rektor təyin olunub.