Boeing şirkətinin prezidenti və icraçı direktoru Dennis Muilenberq Çikaqoda keçirilən innovasiyalar üzrə konfransda çıxış edərək bildirib ki, bu yaxınlarda kosmik turizm kommersiya bazarının bir parçasına çevriləcək.

Yaxın gələcəkdə, Beynəlxalq kosmik stansiyaya yaxın orbitdə kosmik turistlər üçün mehmanxana fəaliyyət göstərəcək. Şirkətin prezidenti hesab edir ki, təmsil etdiyi şirkət Mars proqramı ilə işləyə bilər. O, əminliklə vurğulayıb ki, Marsa ayaq basan ilk insan Boeing şirkətinin raketindən istifadə edəcək.

NASA-nın verdiyi açıqlamaya əsasən, 2030-cu ilin ortalarında Marsa ilk turist uçuşu baş tutacaq. Bunu reallaşdırmaq üçün isə “Lockheed Martin” şirkəti tərəfindən gəmi və “Boeing ” tərəfindən ağır raketdaşıyıcı istehsal ediləcək.

“SpaceX” şirkətinin rəhbəri İlon Mask isə Marsa uçuşlar zamanı insan və yüklərin daşınmasını nəzərdə tutan yeni texnologiya üzərində işlədiklərini bildirib.