Bakıda mağazaları qarət edən cinayətkar dəstənin üzvləri tutulub.

AzEuroNews-un məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin əməliyyatçıları rayon ərazisində yerləşən mağazaları qarət etməkdə şübhəli bilinən 3 nəfəri yaxalayıb. Saxlanılan şəxslərdən biri qadındır.

Onlar sonuncu dəfə paytaxt sakini Mürvət Talıbova məxsus mağazanı qarət ediblər. Zərərçəkənin şikayəti əsasında rayon polis idarəsi və 6-cı polis bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Zərərçəkən M.Talıbovun sözlərinə görə, mağazaya daxil olan oğrular içəri quraşdırılmış nəzarət kameralarını da sındırıblar. İdarənin cinayət axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı əvəllər də məhkum olunmuş Kəlbəcər rayon sakini Vidadi Quliyev saxlanılıb. O, ifadəsində oğurluğu həmyerlisi Gülnar və Kürdəmir rayonundan olan qohumu Sadiqlə birlikdə törətdiyini bildirib. Yaxalanaraq istintaqa təhvil verilən Kürdəmir rayon sakini Sadiq Mustafayev oğurluğa qohumu Vidadi tərəfindən cəlb edildiyini bildirib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.