Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müxalifətdə olan “Vahid milli hərəkat” partiyasının müşahidəçiləri parlament seçkiləri zamanı zorakılıqla üzləşib.

Müşahidəçilər seçki məntəqəsindən çıxıb evlərinə gedərkən onları 4 avtomobildə izləyiblər.

Onlar evlərinə yaxınlaşanda naməlum şəxslər tərəfindən möhkəm döyülüblər. Hadisə yerinə patrul polisinin birqadası cəlb olunub. Xəsarət alanlar ata ilə oğludur.

Bu gün Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Sovetinə seçkilər keçirilir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 3,53 milyon seçici bu gün ölkə parlamentinin 150 deputatını seçməlidir. Onlardan 77 nəfəri proporsional, 73 nəfəri isə majoritar qaydada seçiləcək.

Səsvermə saat 20:00-da başa çatacaq.

Deputatlığa namizədlər 19 siyasi partiya və 6 seçki bloku tərəfindən həm proporsional, həm də majoritar qaydada irəli sürülüb.

Əsas mübarizə Saakaşvilinin “Vahid milli hərəkatı” partiyası ilə hakim “Gürcü arzusu” koalisiyası arasında gedir.

Seçkilərdə 40-a yaxın azərbaycanlı da deputat mandatı uğrunda mübarizə aparır.