Gürcüstanda parlament seçkilərinin ikinci turu noyabrın 2-nə qədər keçiriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze keçirdiyi brifinqdə bildirib. O deyib ki, ilkin nəticələrə əsasən ikinci tur 50 dairədə keçirilməlidir: “Oktyabrın 27-də yekun qiymətləndirmə prosesi başa çatacaq. Noyabrın 2-nə qədər baş tutacaq ikinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək”.

Mətbuat katibi 73 dairədən cəmi 539 şikayət daxil olduğunu bildirib. O, hazırda şikayətlərin araşdırıldığını və məlumatların dəqiqləşdirildiyini söyləyib.

Xatırladaq ki, MSK proporsional sistem üzrə “Gürcü Arzusu”nun 48,67%, Vahid Mili Hərəkat Partiyasının 27,11% səs aldığını açıqlayıb. “Vətənpərvərlər İttifaqı”nın 5% səs aldığı bildirilsə də, hələ ki bu siyasi qüvvənin minimal baryeri keçib-keçmədiyi dəqiqləşməyib. Bəzi məntəqələrdə nəticələrin ləğv olunması bu məsələdə çətinlik yaradır.