Əmrə Mor 1997-ci il iyulun 24-də Danimarka paytaxtı Kopenhagenin şimal-şərq səmti sayılan Tinqberge rayonunda türk ailəsində doğulub. İlk olaraq Danimarka çempionatının “Brenxsey”, sonra isə “Lyunqbu” klublarında futbol oynayıb.

2015-ci ildə isə gənc futbolçu “Nordşelland” klubuna keçib. Danimarka yığmasında müxtəlif yaş qruplarında 22 matçda top qovan Mor 2016-cı ilin yanvarında Türkiyə yığma komandasından təklifini almışdı. Danimarka tərəfinin israrına baxmayaraq Mor öz tarixi vətəninin şərəfini qorumaq qərarı vermişdi. Fatih Terim istedadlı futbolçunu dəvət etməzdən əvvəl öz köməkçilərini onun oyununu izləmək üçün Danimarkaya yollamışdı. 2016-cı il mayın 29-da Qaradağ yığması ilə yoldaşlıq matçında Mor ilk dəfə Türkiyə yığmasının şərəfini qoruyub. Avropa çempionatı 2016-da isə gənc futbolçu Xorvatiya və Çexiyaya qarşı matçlarda forma geyinib.

Bundan öncə isə, Mor klubunu da dəyişmişdi. Belə ki, 2016-cı il iyunun 7-də o, Almaniyanın “Borussiya” Dortmund klubu ilə 5 illik müqavilə imzalayıb. Müqavilənin məbləği 9,5 milyon avro təşkil edib.

Əmrənin boyu 168, çəkisi isə 71 kiloqram təşkil edir.

Türkiyə yığmasının baş məşqçisi Fatih Terim Əmrə Mor haqda:

“Mor unikal oyunçudur. Onu milliyə çağırdım və düşünürəm ki, doğru addım atmışam. Dünya səviyyəli ulduz olacağına inanıram. Amma hələ öyrənməli olduğu çox şey var”.

“Norşelland” klubunun baş məşqçisi Kasper Yulman isə Əmrə Mor haqda bunları deyib.

“Onun qeyri-adi bacarıqları və möhkəm ayaqları var. Ondan ötürmə gözləyirsən amma o aldadıcı fəndlərlə hücumun istiqamətini dəyişir. Və bunu edəndə ona heç vaxt çatmaq mümkün deyil”.

Oyun üslubu:

Mor fiziki çatışmazlığını texnikası və oyunu gərginləşdirə bilmək bacarığı ilə kompensasiya edir. O cəlddir, driblinq ustasıdır və top üzərində nəzarəti itirmədən hücum istiqamətini kəskin dəyişə bilir. Onun daha bir özəlliyi olan gözlənilməz hərəkətləri rəqiblərin tez-tez qaydaları pozmasına səbəb olan amildir”.

2018-ci il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə yığmasının Ukrayna (2:2) və İslandiya (0:2) matçlarında komanda heyətində ən çox parlayan futbolçu məhz Əmrə Mor olub. Yığma istədiyi nəticəni əldə edə bilməsə də, Mor oyun təcrübəsinin get-gedə artdığını nümayiş etdirib.

İddia olunur ki, oyun stili və driblinqləri ilə Leonel Messini xatırladan 19 yaşlı futbolçu hər matçdan qabaq argentinalı futbol dahisinin videolarına baxır. Türkiyə mətbuatı isə Moru Messinin yeni varisi elan edib.