Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşları mülkiyyət əleyhinə olan, xüsusən oğurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Rayon polis idarəsindən AzEuroNews.com-a verilən məlumata görə, həyata keçirilən əməliyyat cari ilin iyulun 30-dan oktyabrın 10-dək olan müddətdə Suraxanı rayonu ərazisində müxtəlif vətəndaşlara məxsus 19, Xəzər rayonunda isə 2 fərdi yaşayış evindən oğurluq edən Cəlilabad rayon sakini Tural Əmişov tutulub.

Araşdırmalar zamanı saxlanılan şəxsin Suraxanı rayonunda 3 nəqliyyat vasitəsindən də oğurluq etdiyi məlum olub.

T.Əmişov ifadəsi zamanı əsasən günün qaranlıq saatlarında yaşayış olmayan evlərdən oğurluq etdiyini bildirib.

Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları T.Əmişovundigər cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Suraxanı RPİ-nə və ya 30-cu Polis Bölməsinə müraciət edə bilərlər.