Oktyabrın 15–16-da Qəbələ rayonuna yağan aramsız güclü leysan yağışı nəticəsində yaranan sel suları nazir Kəmaləddin Heydərovun obyektlərini alt-üst edib.

AzEuroNews.com-un məlumatına görə, dağlardan gələn sel suları Qəbələdə yerləşən məşhur “Qafqaz Resorte” və “Qafqaz Sahil” otellərinə, həmçinin turizm kompleksinə daxil olan kotteclərə, “Fitnes” Sağlamlıq Mərkəzinə, Qəbələ-Laza və Qəbələ-Duruca avtomobil yollarına, “Aquva Park” istirahət mərkəzinə, eləcə də bir sıra istirahət mərkəzlərinə ciddi ziyan vurub, küçələrdə qalın lil-çınqıl qatı əmələ gəlib. Lil çöküntüləri və sel suları piyadaların və avtomobillərin hərəkətini çətinləşdirib. Otellərin həyəti qalın lil qatı ilə örtülüb, binaların zirzəmisinə su dolub. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda rayonda leysan yağışı davam edir.

Hal-hazırda sel sularının yararsız hala saldığı ərazilər, eləcə də yollar, otel kompleksinin, sağlamlıq və istirahət mərkəzlərinin ərazisi qum və çınqıldan təmizlənir, yolun asfalt örtüyü və çiyinlər su maşınları vasitəsi ilə yuyulur. Qəbələ-Duruca və Qəbələ-Laza yolunda nəqliyyatın hərəkətinin bərpası üçün tədbirlər görülür. Təsərrüfatın ayrı-ayrı sahələrində baş verən fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzinin, eləcə də rayonun aidiyyəti idarə, təşkilatlarının ağır texnikası və canlı qüvvəsi təmizləmə və bərpa işlərinə cəlb olunub.

Məlumat üçün qeyd edək ki, seldən ziyan çəkən obyektlər fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Sözügedən istirahət mərkəzləri “Gilan Holding”in tərkibində fəaliyyət göstərirlər.

kemaleddin-azeuro-2 kemaleddin-azeuro-3  kemaleddin-azeuro-5 Kemaleddin-azeuro-6 kemaleddin-azeuro-7