Ələt-Astara yolunun su basan ərazisində avtomobillərin hərəkəti bərpa olunub. Bu barədə Trend-ə açıqlamasında “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, ötən gün intensiv yağışların yağması ilə əlaqədar Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində su bəndinin partlaması nəticəsində rayonun Alar qəsəbəsi və həmin ərazidən keçən Ələt-Asatara magistralının bir hissəsi sel suları altında qalıb:

“Qəsəbənin sel sularının basması təhlükəsi yarandığından yolun 127.2-ci km-də hərəkət hissəsinin 5 metr enində və 3 metr dərinlikdə qazılmasına zərurət yaranıb. Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin alternativ olaraq istiqaməti dəyişdirilib. Səhər saatlarında sel suları ərazidə azaldıqdan sonra yolun bərpası istiqamətində işlərə başlanılıb. Yolun qazılmış hissəsində suların ötürülməsi üçün nəzərdə tutulmuş 3 ədəd su borusundan əlavə yolun altına bərpa zamanı daha 2 ədəd su borusu da yerləşdirilib. Hazırda sözügedən magistralda hərəkət tam bərpa olunub”.