Ermənilərin ABŞ-dakı ən radikal lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsi (ANCA) noyabrın 8-də keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərlə bağlı yekun mövqeyini Daşnaksutyun Partiyasına məxsus “Asbarez” qəzeti vasitəsilə ictimaiyyətə açıqlayıb.

ANCA, hər dörd ildən bir keçirilən Ağ Evə və Konqresə seçkilər zamanı hərtərəfli strategiyasının bir elementi olaraq, bütün namizədlərin Ermənistanın maraq dairəsində olan və prioritet hesab etdiyi məsələlərlə bağlı mövqeyini ətraflı şəkildə təhlil edərək, qiymətləndirir. Bundan sonra ABŞ-dakı erməni icmasını namizədlərə bu qiymətləndirməyə uyğun şəkildə səs verməyə çağırır.

Maraqlıdır ki, bu dəfə ANCA hazırkı namizədlərdən heç birinin Ermənistanla bağlı məsələlərə maraq göstərmədiyini və seçilmək məqsədilə ABŞ-dakı erməni seçicilərinin maraqlarını təmin etməyə çalışmadığını bildirib.

ANCA Ermənistan-Amerika siyasi məsələlərində prioritet hesab etdiyi bütün məqamları təhlil etdikdən sonra oktyabrın 26-da açıqladığı bəyanatında da nə demokrat namizədlər Hillari Klinton və Tim Keyn (vitse-prezidentliyə namizəd), nə də respublikaçı namizədlər Donald Tramp və Mayk Pensin ermənilərin səsini qazanmaq üçün heç nə etməyiblər.

ANCA bəyanatında ABŞ-dakı erməni seçicilərini seçki prosesinin hər bir mərhələsində fəal şəkildə iştirak etməyə və təşkilatın qiymətləndirməsi əsasında müsbət rəy almış namizədlərə həm federal, həm ştatlar, həm də yerli səviyyədə dəstək göstərməyə təşviq edir. ANCA-nın yekun qiymətləndirməsini BURADAN oxumaq mümkündür.

Seçkiqabağı kampaniyalar çərçivəsində prezidentliyə namizədlərin Ermənistan və erməni diasporu ilə bağlı məsələlərdə nümayiş etdirdiyi qeyri-müəyyən mövqe nəticəsində ABŞ ermənilərində yaranmış narazılıq onların öz dəstəyini tamamilə Konqres üzvlərinə yönəltməsinə təkan verib. Namizədlərin ermənilərin dəstəyini qazanması üçün “fəaliyyətsizliyindən” şikayətlənən ermənilərin bu məsələni açıq şəkildə bəyan etməsi ABŞ-dakı erməni lobbi təşkilatlarının federal səviyyədə təsir imkanlarının olmamamasının göstəricisidir.

Qeyd edək ki, ANCA ASALA-nın ideoloji və maliyyə məsələlərinə məsul qoludur. Siyasi şantaj, çirkli pulların yuyulması, korrupsiya və vergidən yayınma kimi ABŞ qanunvericiliyini pozan işlərdə adı hallanır. Hətta onun rəhbərliyində olan Aram Hamparyanın kriminal tarixçəsi var.