Ötən həftənin sonundan etibarən Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisinin kəsilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Azərişıq” ASC xəstəxananın borcu olduğuna görə işığının kəsildiyi bildirsə də, orada dializ xəstələrinin və küvezdə uşaqların olması problemin daha da böyüməsinə səbəb olub.

Bu gün isə xəstəxananın baş həkimi Şəhrəbanu Məlikova Reporta-a açıqlamasında 4 gündür işıqsız qaldıqlarını bildirib: “İşığın verilişi hələ də bərpa edilməyib, xəstələr generatorlar hesabına saxlanılır. Bundan əlavə də, noyabr ayına kimi xəstəxananın işıq borcu ödənilib. Xəstələri nəzarətdə saxlayırıq ki, ağırlaşma olmasın. Amma ağırlaşma və ölüm olsa cavabdeh kim olacaq bilmirəm. Bizə hələ ki, heç bir rəsmi qurum cavab verməyib”.

“Qafqazinfo” məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova qeyd edib ki, xəstəxananın müəyyən problemləri olsa da, artıq həll olunub: “Xəstəxananın isə işıq problemi olmayıb, generatorlar tam gücü ilə işləyib. Həmçinin xəstələr də heç bir problem yaşamayıb. Artıq dünən axşamdan etibarən xəstəxanaya işığın verilişi bərpa edilib”.