Biləsuvarda kafeni “Əxlaqsızlıq yuvası” adı ilə şantaj edən jurnalistlər tutulub.

AzEuroNews.com-un məlumatına görə, Biləsuvar rayonunun Bəydili kənd sakini Leyli Xudaverdiyeva polisə müraciət edərək “Tərəqqi TV” xəbər portalının baş redaktoru Aygün Həsənovanın, redaktor müavini Nahid Babayevin və müxbir Elmir Əsgərovun Xırmandalı kəndində ona məxsus yeməkxanaya gəlmələrini, obyektdə əxlaqsızlıq yuvası saxlamasını iddia edərək bununla bağlı videoçəkiliş apardıqlarını və görüntünü sosial şəbəkədə yayacaqları ilə hədələyərək ondan 500 manat pul istədiklərini bildirib. Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adları çəkilən şəxslər Leyli Xudaverdiyevadan 200 manat pul alarkən tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların rayonun Arazbarı kəndində kənd sakini Əli Quliyevə və Hacırüstəmxanlı kəndində İmişli rayon sakini Fazilə Səfərovaya məxsus yeməxanalara gələrək eyni üsulla Əli Quliyevdən 100 manat pul almaları, Fazilə Səfərovadan isə 500 manat tələb etmələri də müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.