Bakı bazarlarında içərisi sarı qarpızlar peyda olub. Saatlıda Mayıl Həşimovun bostanında yetişdirilən və sarpız adı ilə tanınmağa başlayan qarpız istehlakçıların marağına səbəb olub. Elə bu səbəbdən də 1 kiloqramı 60 qəpiyə təklif edilən sarpız 2 gün ərzində 800 kiloqram satılıb. Xəzər TV-yə açıqlamasında sarpızın toxumunun İrandan gətirildiyini deyən fermer onun bir çox xəstəliklərin dərmanı olduğunu qeyd edib.

Maraqlıdır ki, əksəriyyət sarpızın insan orqanizmi üçün təhlükəli olduğunu düşünərək onu dadmaqdan imtina edir. Bəs rəsmi qurumlar nə deyir.

Səhiyyə Nazirliyi Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Modern.az saytına açıqlamasında birmənalı şəkildə insanları bu qarpızdan imtinaya çağırıb:

“Hesab edirəm ki, Kənd Təsərrüfatının mütəxəssislərinin bu sahədə araşdırmalar aparmasına ehtiyac var. Hər halda yalnız onların müsbət rəyindən sonra sarı qarpızları yemək olar deyə, düşünürəm. Qarpızın ənənəvi rəngi bildiyimiz kimi tünd çəhrayı rəngdə olur.

Hesab edirəm ki, sarı qarpızın genetik modifikasiya olunmuş məhsul (GMO) olması ehtimalı yüksəkdir. Eyni zamanda onun sarı olması təbii yolla yetişdirilən sortdan, növdən də asılı ola bilər. Bütün hallarda bu sahənin mütəxəssislərin rəy bildirməsinə ehtiyac var. Məhsulun GMO, yaxud hibrid sortlarından olması ehtimalı yüksəkdir.

Biz Gigiyena və Epidemologiya Mərkəzi olaraq məhsulun tərkibində nitratların, xüsusi elementlərin qalıq miqdarı, məhsulda zərərli elementlərin olub-olmaması haqqında məlumat verə bilərik. Təbii ki, məhsulu müayinə etdikdən sonra”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev də Modern.az-a açıqlamasında vətəndaşlara sarı yox, ənənəvi çəhrayı qarpız istehlak etmələrini tövsiyyə edib:

“Təbii ki, müxtəlif növ meyvələrin müxtəlif sortları var. Məsələn, badımcanın yumru, oval, uzunsov şəkildə olan sortları mövcuddur.

Bu da qarpızın bir sortdur. Mən deməzdim ki, bu GMO məhsuludur. Hesab edirəm ki, seleksioner tərəfindən yaradılmış sortdur.

Amma yaxşı olar ki, istehlakçılar dədə-baba, ənənəvi, yerli adaptasiya olunmuş qarpız sortlarından istifadə etsinlər. Qarpız adətən kütləvi şəkildə iyunun 15-dən sonra yetişirdi. Amma son illər tez yetişən qarpız sortlarından istifadə edilir. Sarı qarpız seleksiyada istifadə olunur və çox da geniş yayılmayıb”.