Artıq iki gündür ki, Bakıda soyuq, şaxtalı hava müşahidə olunur. Xüsusən də paytaxtın şimal girişində olan ərazilərinə səhər saatlarında qar yağıb, bəzi küçə və prospektlərindəki yollar buz bağlayıb. Hava şəraiti ilə əlaqədar körpü və tunellərdə nəqliyyat vasitələrinin hərəkətlərində sıxlıq yaşanıb. 
Lakin maraqlıdır ki, Bakının cənub qurtaracağında olan ərazilərdə qar yağıntısı olmayıb. Şəhərin bir tərəfi ağ qara büründüyü halda, digər tərəfi quru və yağmursuz olub. Bu da şəhər sakinləri arasında çaşqınlıq yaradıb.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov musavat.com-a açıqlama verərək, qeyd edib ki, bu cür hava şəraiti küləyin əsmə istiqamətindən asılıdır: “Külək haradan əsirsə, qarı həmin tərəfə gətirib tökəcək. Burda heç bir anormal cəhət yoxdur və sırf qış mövsümünə xarakterikdir. Ümumiyyətlə 15 ildən sonra dəhşətli şaxtalar baş verəcək, yer kürəsi buzla bağlı olacaq, şimal açıq olacaq, şimalda buz olmayacaq, bu da gəlib çıxacaq 40-50-ci paralelə… Yəni, soyuq hava kütlələri Azərbaycana, Rusiyanın isə cənub bölgələrinə düşəcək. Bu il qış qabaqladı, çox sərt keçəcək. Ola bilsin ki, qarşıdakı aylarda qar yağmayacaq, amma şaxta olacaq. Hazırda bəzi bölgələrdə 5-7  dərəcə şaxta var. İsmayıllıdan dünən aldığım məlumata görə, orada 15 santimetr qalınlığında qar yağıb. Bəzən deyirlər ki, qarşıdan bizi su qıtlığı gözləyir. Amma bizdə su qıtlığı olmayacaq, çünki dağlara qar yağıb, buzlar var.
Ümumiyyətlə, 40-50 ildən bir iqlim dəyişikliyi baş verir, əvvəl isti olur, sonra isə onun ardınca soyuq iqlimlər gəlir. Şimali buzlu okeanın cənub bölgəsində buzlar əriyirsə, aysberqlər hərəkət edirlərsə, bu zaman okeanlarda su soyuyur, hava da soyuğu 30-50-ci paralelə, həm cənub, həm də şimal qütbünə gətirir. Bu soyuqlardan da ən çox Azərbaycan, Dağıstan və Rusiyanın cənub bölgələrinin payına düşəcək. Ancaq digər tərəflərdə isti olacaq. Məsələn, hazırda Norveçdə 5-6 dərəcə isti var, Bakıda isə -1 dərəcədir, rayonlarda da 7-8 dərəcə şaxta var”.
Qeyd edək ki, bu il ölkəmizdə qış mövsümü vaxtından əvvəl müşahidə olunmağa başlayıb. Artıq sentyabr ayından bir çox dağətəyi rayonlara sulu qar, qar yağıb. Oktyabr ayında Quba və Naxçıvana ilk intensiv qar yağıb. Noyabrın əvvəlində isə Tovuz rayonuna yarım metrdən çox qar yağmışdı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, hazırda havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə şaxta, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 6-8, Naxçıvan MR-da 7-11, Böyük Qafqazın yüksək dağlıq ərazilərində 13-16 dərəcə şaxta təşkil edir.