2016-cı ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,3 faiz azalıb, qeyri-ərzaq məhsullarının qiymətləri 0,3 faiz artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Ay ərzində düyü, qarabaşaq yarması, yulaf və arpa yarması, toyuq əti, kərə və zeytun yağları, limon, naringi və çiyələyin qiymətlərində artım, makaron məmulatları, mal və qoyun əti, pasterizə olunmamış üzlü süd, yumurta, günəbaxan və qarğıdalı yağları, alma, armud, banan, gilas, alça, ərik, şaftalı, pomidor, xiyar, badımcan, yerkökü, çuğundur, bibər, göy lobya, kələm, kartof, sarımsaq və soğanın qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında may ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, zərgərlik məmulatları, xalça və digər döşəmə örtükləri, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, televizor və kompüterlər, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində artım müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.