İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştiano Ronaldo 2016-cı ilin yekunu üzrə “Qızıl top” mükafatının sahibi olub.

“Report” xəbər verir ki, bu barədə 1956-cı ildə mükafatı təsis edən “France Football” nəşri məlumat yayıb.

Bu, Ronaldo üçün karyerası ərzində dördüncü analoji mükafat olub (2008, 2013, 2014, 2016). Portuqaliyalı yalnız beş “Qızıl top”u olan (2009, 2010, 2011, 2012 və 2015) “Barselona”nın forvardı Lionel Messidən geri qalır. Bundan əlavə, sözügedən mükafata holland hücumçu Yohan Kroyf (1971, 1973, 1974), Marko van Basten (1988, 1989, 1992), həmçinin fransalı yarımmüdafiəçi Mişel Platini (1983, 1984, 1985) üç dəfə sahib çıxıb.

Bununla belə, 31 yaşlı portuqaliyalı mükafatlandırma mərasimində iştirak etməyib. Çünki o, “Real” klubu ilə dünya klub çempionatının keçirildiyi Yaponiyadadır.

Ronaldo 2016-cı ildə “Real Madrid”lə Çempionlar Liqasının qalibi olub. O, həmçinin Portuqaliya yığmasının heyətində Avropa çempionu adını qazanıb.