“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin İdarə Heyətinin iclasında Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısının yaradılması barədə qərar qəbul edilib. Bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, “Buta Airways” adlandırılan yeni büdcə aviaşirkəti AZAL-ın tərkibinə daxil olacaq və onun 100%-lik törəmə şirkəti olacaq.

Aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşəcək.

“Buta Airways” aviaşirkətinin “Embraer” təyyarələri əsasında yaradılmış öz donanması, öz işçi ştatı və müstəqil tarif siyasəti olacaq.

Qeyd edək ki, mülki aviasiya biznesi çox mürəkkəb və spesifikdir, hər bir ciddi dəyişiklik vaxt tələb edir. Büdcə aviaşirkətinin fəaliyyət göstərməsində çox nüans var, hazırda bütün aspektlər üzərində fəal iş aparılır. “Buta Airways” aviaşirkətinin uçuşlara artıq 2017-ci ilin payızında başlayacağı gözlənilir.

“Bu ilin mart ayından etibarən “AZALJET” brendi altında 13 populyar istiqamət üzrə uçuşlar yerinə yetirilir. Bu reyslərdə satış və uçuş sxemi lou-kosterlərə yaxındır, yəni sərnişinlərə bəzi xidmətlər seçimi ödənişli variantlar şəklində təqdim edilir. Hazırda “AZALJET”in bütün reyslərində baza tarifinin qiyməti bütün vergi və rüsumlar da daxil olmaqla cəmi 49 avro təşkil edir. Bu, Azərbaycana uçuşlar həyata keçirən bütün aviaşirkətlər arasında ən rəqabət qabiliyyətli qiymətlərdən biridir. Ümid edirik ki, milli lou-kosterin xidmətləri həm vətəndaşlarımızın ürəyincə olacaq, həm də ölkəmizə turist axınını artıracaq”, – deyə AZAL-dan bildirilib.