Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi və fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun artırılması məqsədilə Milli Turizm Təbliğat Bürosunun yaradılması nəzərdən keçiriləcək.

“Report” bu barədə “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə istinadən xəbər verir.

“Bu tədbir nəticəsində gözlənilən səmərəlilik əldə edilərsə, bu təcrübə Azərbaycanın digər turizm regionlarına da şamil ediləcək. Büro tərəfindən Bakı şəhərinin brend strategiyası ilə bağlı təkliflər hazırlanaraq təqdim ediləcək. 2017–2020-ci illər üzrə Büronun bu strategiyada nəzərdə tutulmuş fəaliyyətlərini özündə əks etdirən fəaliyyət planı hazırlanacaq”.

Büronun büdcəsinin müəyyən bir qismi ilk dövrlərdə dövlət büdcəsi hesabına, digər hissəsi isə dövlət-özəl tərəfdaşlığı qurulduqdan sonra nizamnaməsində müəyyən edilmiş müxtəlif maliyyələşmə mənbələri hesabına təmin ediləcək.

Büro Bakı şəhərinin brendini formalaşdıracaq və onun beynəlxalq səviyyədə təbliği üzrə tədbirlər görəcək, eyni zamanda müəyyən edilmiş monitorinq metodologiyasına müvafiq olaraq təyin edilmiş müxtəlif indikatorlar əsasında müşahidələr həyata keçirməklə brendin təşviqi işlərinə nəzarət edəcək. Monitorinq sisteminin bir hissəsi kimi, Büro dəqiq məlumatların toplanmasını, etibarlı turizm statistikasının hazırlanmasını və turizm reyestrinin səmərəli fəaliyyətini təmin edəcək. Monitorinq sisteminin nəticələri press relizlər vasitəsilə elan olunacaq, davamlı şəkildə onlayn kommunikasiya platformaları vasitəsilə ictimaiyyətə açıqlanacaq və Bakı şəhərinə gələn turistlərin məmnunluq səviyyəsinin artırılmaq üçün bir sıra tədbirlər həyata keçiriləcək. Belə ki, onlayn platforma və yaxud digər müvafiq vasitələrlə turistlərin irad və təklifləri qəbul ediləcək və nəzərdən keçiriləcək, nəticədə, zərurət yarandığı təqdirdə, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət ediləcək.

Büro nümayəndələrinin və digər maraqlı tərəflərin iştirakı ilə Bakı şəhərinin 2017–2020-ci illər üzrə marketinq və kommunikasiya planı hazırlanacaq. Xarici turistlərin cəlb edilməsi üçün müvafiq marketinq tədbirlərinin həyata keçirilməsi kimi əsas strateji istiqamətlər müzakirələr əsasında müəyyənləşdiriləcək. Zərurət yaranarsa, planın hazırlanmasına bu sahədə təcrübəyə malik beynəlxalq tərəfdaşlar da cəlb edilə bilər. Plan internet səhifəsi və press-relizlər vasitəsilə ictimaiyyətə açıqlanacaq.

İl ərzində Bakı şəhərində keçiriləcək mühüm tədbirlərin əlaqələndirilməsi, müddət baxımından uyğunluğun təmin edilməsi və turizm siyasətinin düzgün müəyyənləşdirilməsi məqsədilə hər il Bakı şəhərinin turizm təqviminin hazırlanması nəzərdən keçiriləcək və zərurət yarandığı təqdirdə, bu istiqamətdə fəaliyyətin səmərəli təşkili məqsədilə aidiyyəti qurumlarla koordinasiya qurulacaq.

Büronun təsis edilməsi, onun fəaliyyətinin koordinasiyası, icra və nəzarət mexanizminin tətbiqi Bakı şəhəri ilə əlaqədar bütün tədbirlərin həyata keçirilməsi üçün əsas hərəkətverici mexanizm olacaq. Bu prioritetin tətbiqi nəticəsində 2020-ci ildə real ÜDM-in 5 mln. manat birbaşa və 5 mln. manat dolayı olmaqla, ümumilikdə 10 mln. manat artacağı proqnozlaşdırılır.