Fransanın “Milli cəbhə” partiyasının lideri Marin Le Pen ölkəsinin Avropa İttifaqı (Aİ), NATO və avrozonadan çıxmasının zəruri olduğunu bəyan edib. “Report”un “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə o, Yunanıstanın “Demokratiya” qəzetinə müsahibəsində bildirib: “Frexit” mənim siyasətimin əsasını təşkil edəcək. İnsanlar azad səsvermə hüququna malik olmalıdır və Brüsselin qulu olmaqdan və şantajlarından qurtulmalıdır. Mən öz ölkəmin suverenliyini qaytaracağam”.

M.Le Pen vahid valyuta, yəni avronun şantaj aləti kimi qiymətləndirir: “Harada avro var, orada işsizlik, yüksək qiymətlər, yüksək vergi, azalan pensiya və müavinətlər, aşağı maaş və kasıb insanlar var”. Siyasətçi, həmçinin Portuqaliya, İspaniya, İrlandiya, Yunanıstan və Kiprin də Aİ-dən ayrılmasının vacibliyini və onları Fransa ilə eyni gündə Aİ-dən çıxmasına çalışacağını qeyd edib.

Xatırladaq ki, M.Le Pen sağ mühafizəkar “Respublikaçılar” partiyasının sədri Fransua Fiyonla Fransada keçiriləcək prezident seçkilərində yarışacaq. Seçkilər aprel-may aylarında iki turda keçiriləcək.

“Report”un analitik qrupu bildirir ki, aprel ayı yaxınlaşdıqca vahid Avropa valyutası ciddi təzyiqlərlə üzləşəcək. Buna səbəb isə Aİ-nin ikinci böyük iqtisadiyyatı olan Fransanın Aİ-dən ayrılması təhlükəsidir. Belə ki, M.Le Penin seçilməsi digər Aİ ölkələrini də İttifaqdan ayrılmağa həvəsləndirəcək. Bu səbəbdən avronun məzənnəsinin artıq I rübün sonunda 0,90 USD/EUR səviyyəsinə enməsi ehtimal edilir. Avronun ucuzlaşmasına həmçinin iqtisadi amillər də mənfi təsir göstərir. Belə ki, ABŞ və Aİ-nin uçot dərəcələri arasındakı spred getdikcə dollar lehinə artır.