Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Akademik Zərifə Əliyeva” adına yük gəmisinin maşın bölməsində yanğın olması barədə məlumat daxil olub.
AzEuroNews FHN-in saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-7” gəmisi və Aviasiya dəstəsinin 1 helikopteri dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
16:02
***
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yük gəmisində baş verən hadisəylə bağlı məlumat yayıb.
Qurumdan verilən məlumata görə, bu gün saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Akademik Zərifə Əliyeva” adına gəmi bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində tüstüləmə müşahidə edilib.
Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb.
Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.