Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində, keçmiş Çermet körpüsündə qeydə alınıb.

Daxil olan məlumata görə, təxminən 50-55 yaşlarında kişi naməlum avtomobil tərəfindən vurulub.

Hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları gəlsə də, xəsarət alanın zədələri ciddi olduğundan hadisə yerində keçinib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə gətirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda dünyasını dəyişənin şəxsiyyətini müəyyənləşdirmək üçün əməliyyat-istintaq tədbirləri görülür.