Türkiyə Mərkəzi Bankının (TCMB) sabah, yanvarın 24-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artıracağı gözlənilir.

“Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, 26 analitik arasında aparılan sorğunun nəticələrinə əsasən, TCMB-nin sabahkı iclasda uçot dərəcəsi kimi qəbul olunan 7 günlük repo əməliyyatları faizini 0,5 faiz bəndi artıraraq 8,50%-ə çatdırması proqnozlaşdırılır.

Qeyd edək ki, 21 analitikin qatıldığı “Bloomberg”in digər sorğusunun nəticələrinə görə, TCMB 1 gecəlik borc faizini 0,75 faiz bəndi artıraraq 9,25%-ə yüksəldəcək.

Sonuncu, 15 analitikin iştirak etdiyi üçüncü anket sorğusunə əsasən, gec likvidlik pəncərəsi faizinin 1 faiz bəndi artırılaraq 11%-ə çatdırılması gözlənilir.

“Report”un analitik qrupu bildirir ki, TCMB-nin sabah keçirəcəyi iclasın qərarı türk lirəsini qısa müddətdə bahalaşdırsa da, bu ilin II və III rüblərində lirənin ucuzlaşması davam edəcək. İlkin olaraq dolların məzənnəsinin 3,60 TRY/USD-yə kimi geriləməsi mümkündür. Lakin qeyd etmək lazımdır ki, uçot dərəcəsi ilə Türkiyənin istehlak qiymətləri indeksinin artım tempində fərq yaranmağa başlayıb. Bu da sabahkı mümkün 0,5 faiz bəndi artımın kifayət etməyə biləcəyini söyləməyə imkan verir. Belə ki, 2016-cı ildə inflyasiya 8,53% olub, istehsal qiymətləri isə 9,94% artım göstərib. Yanvar inflyasiyasının isə lirənin ucuzlaşması səbəbindən daha yüksək olacağı gözlənilir. Sabahkı iclasda uçot dərəcəsi artırılmayacağı təqdirdə isə dolların məzənnəsinin qısa zaman ərzində 4,00 TRY/USD həddini keçəcəyi ehtimal edilir.