Gürcüstanda üç gündür davam edən güclü qar Gürcüstanın Acarıstan bölgəsində fəsadlar törədib.

Məlumata görə, qar Qərbi Gürcüstanın bir hissəsini işıqsız qoyub. Bölgənin magistral yollarında nəqliyyatın hərəkətində problemlər yaranıb. Məktəblərdə tədris prosesi pozulub.

Gürcüstan mətbuatının yazdığına görə, Acarıstanın bir çox ərazilərində qarın hündürlüyü yarım metrə çatıb. Yağan güclü qar elektrik dirəklərini yıxıb, “Energo-Pro Georgia” şirkətinin 5 min abonenti işıqsız qalıb. Elektrik enerjisinin verilməsi ilə bağlı Quria, Sameqrelo və İmereti bölgələrində problemlər yaranıb. Enerji təchizatının bərpası istiqamətində tədbirlər görülür.

Məlumata görə, Batumi beynəlxalq aeroportu artıq üç gündür ki, fəaliyyət göstərmir. Dəniz limanı isə iki gündür iflic vəziyyətinə düşüb. Sinoptiklər yalnız sabah günün sonunda hava şəraitinin mülayimləşəcəyini proqnozlaşdırırlar.

Məlumata görə, Acarıstanın yüksək dağlıq ərazilərində yollar qarla örtülüb, gediş-gəliş çətinləşib, məktəblər bağlanıb. Xulo, Şuaxevi, Kedi, Xelvaçauri və eyni zamanda Kobuleti rayonlarında 76 məktəbdə dərslərin tədrisi və uşaq bağçalarının çoxunun fəaliyyəti dayandırılıb.

Təbii fəsadların aradan qaldırılması üçün rayonlarda xidmət idarələrinə yerli əhali, xüsusilə gənclər kömək edirlər. (Apa)