Şotlandiya parlamenti, Böyük Britaniya baş naziri Tereza Meyin, ölkənin Avropa Birliyindən çıxması üçün hazırladığı planın əleyhinə səs verib. Səsvermənin rəmzi xarakter daşımasına baxmayaraq, Şotlandiya Londona bir daha milli fəaliyyət planı olan “brekzit”ə tabe olmaq istəmədiyini xatırlatdı, çünki son səsvermədə şotlandların 62% AB-də qalmaq leyhinə səs vermişdilər.

AzEuroNews euronews-a istinadən xəbər verir ki, yerli hökümətin rəhbəri Nikola Stercen “breksit” səsverməsindən sonra, Şotlandiyanın müqəddəratını təyin etmək üçün ikinci xalq səsverməsi keçirmək niyyətini bəyan edib. 2014-cü ilin sentyabrında keçirilən səsvermədə vətəndaşların əksəriyyəti Birləşmiş Krallığın tərkibində qalmağın leyhinə səs vermişdi. Ancaq indi Stercen Britaniyanın AB-dən çıxarılması haqda aparılan danışıqlarda rəsmi Londonun daim regionun maraqlarını nəzərə almağını təklif edir. Edinburq daha çox hüquqi səlahiyyətlər əldə etmək istəyir və vahid Avropa bazarı çərçivəsində mümkün olduğu qədər çox səmərə əldə etməyə ümid edir.