Rumıniya parlamenti Sorin Qrindyananın rəhbərlik etdiyi hökumətə etimadsızlıq göstərməkdən imtina edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu təşəbbüslə müxalifətdəki Milli Liberal Partiyası və “Rumıniyanın xilaskarı ittifaqı” partiyası çıxış edib.

Sonradan bu təşəbbüsü “Xalq hərəkatı” parlament qrupu da dəstəkləyib.

Ölkə qanunvericiliyə əsasən, etimadsızlıq üçün 465 yerlik iki palatalı parlamentdə 233 deputatın dəstəyi lazımdır.

Amma təşəbbüsü 161 deputat və senator dəstəkləyib.

Baş nazir buna qədər yerli KİV-lərdən birinə müsahibəsində müxalifətin təşəbbüs göstərdiyi etimadsızlıq məsələsinin parlamentdə səs çoxluğu qazanmayacağını bəyan edib. Bunun başlıca səbəbi hakim Sosial-demokrat partiyasının parlamentdə çoxluq təşkil etməsidir.

Rumıniyada son vaxtlar hökumət əleyhinə mitinqlər keçirilir. Buna səbəb Cinayət Məcəlləsinə korrupsiya işləri ilə bağlı həbs olunan hakim partiya tərəfdarlarının azadlığa çıxmasına gətirib çıxaracaq düzəlişin edilməsi idi.

Rumıniya paytaxtında və ölkənin ayrı-ayrı şəhərlərində buna etiraz olaraq son 25 ilin ən kütləvi mitinqləri baş tutub. Ötöən bazar günü Nazirlər Kabineti Cinayət Məcəlləsinə nəzərdə tutulan düzəlişi ləğv edib.