Xətai rayonunda 32 yaşlı kişi 7 bıçaq zərbəsinə məruz qalıb. AzEuroNews.com-un məlumatına görə,  NZS qəsəbəsində, “Şərur” kafesində bıçaqlanma hadisəsi qeydə alınıb. Belə ki, gecə saat 4 radələrində 1985-ci il təvəllüdlü Hüseynov Cəlal İsmayıl oğlu çoxsaylı bıçaq xəsarətləri ilə yaşadığı Aşıq Qurbani küçəsi 25 ünvanındakı evinə gətirilib.

Zərərçəkmişin yaxınlarının verdiyi məlumata görə, Təcili Yardım Stansiyasının həkimləri evə gələrək Cəlalı 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparıblar. Cərrahiyyə əməliyyatı olunan Cəlal Hüseynovun bədəninin müxtəlif nahiyələrindən 7 bıçaq zərbəsi aldığı məlum olub. Hazırda yaralının vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Baş vermiş hadisə ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə məlumat verilib. Xəstəxanaya gələn əməliyyatçılar yaralının vəziyyəti ağır olduğundan onun izahatını ala bilməyiblər.

Faktla əlaqədar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin qəsdən bədənə ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, ailəli olan Cəlal Hüseynov fərdi əməklə məşğul olub və yaxınlarının bildirdiyinə görə, heç kimlə ədavəti olmayıb.