Martın 15-dən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli “AZALJET” brendi altında Moskvanın (Rusiya) “Vnukovo” hava limanından Azərbaycanın regionlarına – Gəncə və Qəbələyə müntəzəm reyslərin yerinə yetirilməsinə başlanılacaq.

Bu barədə “Report” AZAL-dan bildirilib.

Məlumata görə, Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək.

“Vnukovo” Beynəlxalq Hava Limanından (VKO) uçuş yerli vaxtla saat 15:10-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) və Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə – saat 20:30-da olacaq. Qəbələ və Gəncədən saat 20:30-da uçan təyyarə, “Vnukovo” Beynəlxalq Hava Limanına yerli vaxtla saat 22:20-də enəcək.

Aviabiletlərin qiymətləri 49 avrodan başlayacaq (bir istiqamətdə). Baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.

Bu reyslərdə sərnişinlər “AZAL Miles” bonus proqramından istifadə edə bilərlər.