Ramanada keçmiş məhkum öz həyat yoldaşını pul üstündə döyüb. AzEuroNews.com-un məlumatına görə, hadisə gülçülük sovxozunda ailə münaqişəsi zəminində baş verib.

Məlumata görə, 1977-ci il təvəllüdlü Fərəcova Narbəst İmamxan qızı həyat yoldaşı Piriyev Səfər tərəfindən küt alətlə döyülüb. Baş vermiş hadisədən sonra zərərçəkmiş 3 saylı şəhər xəstəxanasına müraciət edib. Qadında sağ gözünün hematoması, qarnın küt travması xəsarətləri aşkar edilib. 40 yaşlı qadın ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü pois bölməsinə məlumat verilib və təhqiqatçı tərəfindən araşdırmalara başlanılıb. İlkin dindirmələr zamanı məlum olub ki, mübahisənin yaranmasına səbəb ərin heç bir əməklə məşğul olmamasıdır. Mebel sexində işləyən Narbəst Fərəcova 3 ildir ki, Səfər Piriyevlə ailə qurub və birgə nikahdan 2 yaşlı övladlarıda var. Ancaq əvvəllər Rusiya Federasiyasında qəsdən adam öldürmə maddəsi ilə məhkum olunan Səfər Piriyev, ailə quran gündən işləmək barədə düşünməyib. Mübahisə də elə dolanışıq üstündə yaranıb.