Dəyərli oxucularımız, bu tipli məlumatlar sığınacaq axtaran şəxslərə gözləmə otaqlarında müxtəlif dillərdə (bəzən Azərbaycan dilində də) paylanılır. “Legat” hüquq firmasından AzEuroNews.com-un  Avropa Bürosuna verilən məlumata görə, sözügedən firma xarici dövlətlərdən sığınacaq istəyənlər üçün olduqca əhəmiyyətli bəzi məlumatları hazırlayıb.

Oxucularımız üçün maraqlı olacağını düşündüyümüzdən həmin məlumatları təqdim edirik:

  1. Unutmayın! Qaçqın statusu üçün müraciət etməklə, Azərbaycan Respublikası ilə sizin aranızda olan hüquqi və siyası bağlılıq dəyişir, müəyyən müddətdə Azərbaycan Respublikasının himayəsindən istifadə imkanını itirirsiniz.
  2. Siz ərazisində olduğunuz ölkədə qaçqın statusu almaq istəyirsinizsə, həmin ölkəyə gəldikdən sonra dərhal və ya buna zərurət hiss etdiyiniz anda müvafiq dövlət orqanına müraciət etməlisiniz. Vaxtında müraciət etməmək sizə problem yaradar və gələcəkdə həqiqi problemlərinizə kimisə inandırmaq çətin olar.
  3. Müraciət zamanı xahişinizin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünüz, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləriniz barədə məlumatları göstərməklə, vətəndaşı olduğunuz ölkə , doğulduğunuz yer, ailə vəziyyətiniz haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (pasport, yol vəsiqəsi və s.) təhvil verməlisiniz.
  4. Yol sənədinin və ya şəxsiyyətinizi təsdiq edən sənədin təhvil verilməsi, vəziyyətinizi yüngülləşdirir və sizə inamı artırır. Lakin, belə sənədin olmamağı gələcəkdə sizin haqqınızda “Qaçqın” statusu verilməsi barədə qəbul ediləcək qərara təsir etmir.
  5. Müraciət etdikdən sonra ilk olaraq sizdən şəxsiyyətinizi təsdiq edən sənədləri soruşulacaqlar. Daha sonra fotoşəkilinizi çəkməli və əl barmaq izlərinizi götürməlidirlər. Sonra isə, məlumatların toplanmasına başlanılacaq. Sizin haqqınızda məlumatların toplanması üçün verilən sualların sayına bu mərhələdən qanun məhdudiyyət qoymur. Bu suallar Azərbaycanda son yaşadığınız yer (və ya yerlər), ailəniz, valideynləriniz, Azərbaycana hansı yolla və hansı sənədlə gəlməyiniz haqqında ola bilər. Bu suallara verdiyiniz cavablar sualı verən şəxs tərəfindən qeyd edilir və müsahibə başa çatanda verdiyiniz cavablar əsasında hazır olur. Bu cür suallar siz ilk müraciət etdiyiniz orqanda da verilə bilərdi, buna təəccüb etməyin.
  6. Bu proseduralardan sonra sizə şəxsiyyət vəsiqəsi əvəzinə müvəqqəti olaraq üzərində fotonuz olan bir vərəqə veriləcək. Bu vərəqə daim üstünüzdə olmalıdır. Çünki, bu vərəqədə sizin harada məskunlaşmanız, sığınacaq axtaran şəxs olmanız, ölkədə olmanızın qanuniliyini təsdiq edir.
  7. Unutmayın: Siz həqiqətən təqib olunursunuzsa və ya Azərbaycana qayıtmaq sizin üçün təhlükəlidirsə ,bu halda Azərbaycanın ərazisində olduğunuz ölkədəki diplomatik nümayəndəlikləri ilə əlaqədə olmamalı və onlara müraciət etməməlisiniz. Əgər, məmurlar Sizdən bunu məcburi qaydada tələb edirsə və ya ölkənizin təmsilçiliyindən qayıdış şəhadətnaməsi almanızı və ya gətirməyinizi tələb edirsə, mütləq bizə müraciət edin və bilin ki, müraciətinizə baxılma prosesi başa çatmayıbsa, belə bir sənədin alınması sizin vəzifəniz deyil.

Kimlərə sığınacaq verilir?

  1. Müvafiq dövlət orqanının araşdırmaları zamanı sizin gəldiyiniz ölkədən, yəni Azərbaycandan irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən kənarda olmanızı və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilmədiyinizi və ya istifadə etmək istəmədiyinizi və ya ehtiyat üzündən oraya qayıda bilmədiyinizi araşdırır.
  2. Təqib dövlət orqanları tərəfindən olmalıdır. Lakin, bəzi hallarda hakimiyyət tərəfindən dəstəklənən siyasi partiya, bəzi ölkələrdə hətta bir ailə, bir dini qurum, Qeyri Hökumət Təşkilatları da bu cür təqibləri edə və təhlükə mənbəyi ola bilərlər. Bu halda siz ölkənizdə polisin və ya digər qurumların sizi qorumaq gücündə olmadıqları haqda məlumatlar verməli, faktlar göstərməli və sübutlar təqdim etməlisiniz.
  3. Müvafiq dövlət orqanı eyni zamanda ölkənizdə sizə təhdidlərin olub – olmadığını da araşdıracaq. Bu təhdidlər sizdə hər hansı xəstəliyin yaranmasında, həyat şəraitinizin işinizin itirilməsində, yaxınlarınıza və özünüzə tətbiq olunan zorakılığın nəticələrində də ifadə oluna bilər.
  4. Siz həm də sübut etməlisiniz ki, rastlaşdığınız problemi Azərbaycanın başqa bir bölgəsinə getməklə, yəni yaşayış yerinizi dəyişməklə özünüzdən uzaqlaşdırmaq imkanınız olmayıb və ya ölkənizdə təqibdən gizlənmək üçün etibarlı bölgə mövcud deyil.
  5. Siz eyni zamanda sığınacaq istədiyiniz ölkədən əvvəl, ərazisindən istifadə etdiyiniz ölkələrdə sığınacaq üçün müraciət etmədiyinizin səbəblərini izah etməlisiniz. Həmin ölkənin sizin təhlükəsizliyinizə təminatının olmadığını əsaslandırmalısınız .

Verilən ifadə və ya müsahibə

  1. Sizin müraciətiniz dərhal qeydiyyata alır və müəyyən müddətdən sonra sizinlə fərdi qaydada müsahibə keçirilir. Müsahibənin məzmunu məxfi saxlanılır və heç kimə açıqlanmır. Verdiyiniz ifadəyə görə də, sizə sığınacağın verilib-verilmədiyi haqqında qərar qəbul edilir. Əgər Siz ölkəyə daxil olduğunuz zamandan müsahibə verdiyiniz günə kimi başqa məmura da müsahibə verimisinizsə onlar da üzləşdirilir. İfadəni düzgün və dəqiq verin. Çünki, gələcək də mübahisə açmaq fikrində olsanız verdiyiniz ifadə əsas götürüləcək və daha çox o mübahisələndiriləcək.
  2. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydalarına uyğun olaraq, siz ifadə verməyə dəvət olunacaqsınız. Əgər sizə bəlli olmayan səbəblərdən sizi müsahibəyə çağırmırlarsa bu halda vəkilə müraciət edin ki, sizi müsahibəyə dəvət olunmanız üçün müraciət hazırlasın. Dəvət olunduğunuz zaman görüşə gedə bilmədiyiniz halda mütləq sizi dəvət edən şəxsi bu barədə məlumatlandırın və bu səhhətinizlə bağlı olduqda həkimin arayışını təqdim edin.
  3. İfadə vermək və sizin sığınacaq üçün müraciət etmək səbəblərini detallı izah etmək baxımından çox önəmlidir. Buna görə də ifadə verməyə mütləq getməlisiniz və ifadə verməyə əvvəlcədən hazırlaşmalısınız. İfadə verməzdən əvvəl bir daha diqqətlə və aşağıdakı ardıcıllıqla baş verənləri xatırlamağa çalışın. Ölkənizi nə üçün tərk etdiniz, qaçmanıza əsas olan halları (yaxşı olar ki tarixlərlə göstərəsiniz), qaçma tarixini və yolunu , başqa ölkələrin ərazisində dayanma səbəblərini, əvvəlcədən özünüzdə qeyd etsəniz daha yaxşı olar. Verəcəyiniz ifadənizə hafizənizdə əvvəlcədən düzən versəniz sizə çox rahat olar. Lakin, bu cür qeydləri ifadə verməyə getdiyiniz zaman özünüzlə aparmayın, aparsanız da belə heç kimə verməyin və göstərməyin. Çünki, ifadə verdiyiniz məmur sizin bu hadisəni uydurduğunuzu düşünə bilər. Sizinlə baş verən bəzi acı və ya ağır hadisələri xatırlamaq nə qədər çətin olsa da, hətta utanc gətirən hadisələr olsa belə danışmaqdan utanmayın və onları danışmağa hazır olun. Bunları danışmaq sizin qaçqın statusu almanızı sadələşdirə və sürətləndirə bilər.
  4. Əgər siz xanımsınızsa və sizinlə baş verənləri kişi cinsindən olan şəxsə danışmaq istəmirsinizsə (və ya əksinə) bunu dərhal bildirin. Bu halda orada çalışan xanım əməkdaşlar sizdən ifadə alacaqlar. Zərurət olan hallarda dövlət orqanlarında uşaqlarla da müsahibə aparmaq üçün hazırlıqlı mütəxəssislər var və istəsəniz dəvət olunacaqlar.
  5. Müsahibəyə dəvət olunan zaman yanınızda kiminsə olmasını istəyirsinizsə bu barədə əvvəlcədən sizi dəvət edən məmura məlumat göndərin. Yaxşı olar ki, bu şəxs sizin dilinizlə bərabər Azərbaycan dilini də bilmiş olsun. Lakin, o şəxs sizin əvəzinizə müsahibə verə bilməz.
  6. İfadə verməyə görüş təyin olunmuş zaman gedin və sizin təqib olunmanızı təsdiq edən sənədləri də özünüzlə götürün. Bunlar sizin üçün faydalı ola bilər, lakin təqdim etdiyiniz sənədlərdən asılı olmayaraq əsas sübut kimi sizin verdiyiniz ifadə götürüləcək.
  7. Verdiyiniz ifadə ilə bağlı olmayan və ya saxta olmasına şübhə etdiyiniz sənədləri təqdim etməyin. Belə hallar vəziyyəti ağırlaşdırır, verdiyiniz müddətin uzanmasına səbəb olur. Verdiyiniz sənədin birinin saxta olması, verdiyiniz ifadənin də saxta olması kimi dəyərləndirilə bilər.
  8. Sizdən ifadə sizi qane edən tərcüməçinin iştirakı ilə alınacaq. Tərcüməçi yalan tərcümə etmək üçün xəbərdarlıq edildiyindən düzgün tərcümə etməyə məcburdur. O , tərcümə zaman fikirləri şərh etməli, azaltmalı və ya artırmalı deyil. Buna baxmayaraq tərcüməçidən şübhələndiyiniz halda bunu dərhal məmura bildirin və başqa tərcüməçi tələb edin.
  9. Müsahibə zamanı sizə 25 və ya daha çox sual verilə bilər. Bu suallar şəxsiyyətinizin müəyyənləşdirilməsi, ailəniz, olduğunuz ölkəyə hansı yolla gəlməyinizlə bağlı olacaq. Sualları tam aydın başa düşmədən cavablandırmayın. Sualları başa düşmədiyiniz halda yenidən soruşun və yenidən tərcümə edilməsini xahiş edin. Sizi heç kimi ifadə zamanı tələsdirməli deyil. İfadəniz ilkin verdiyiniz qeydlərə uyğun olmalıdır. Azərbaycandan qaçaq yolla gəlibsinizsə gəldiyiniz yerlər haqqında detallı məlumatlar verin.
  10. Siz Azərbaycanı tərk etməyinizə səbəb olan hallar haqqında məlumat verəcəksiniz. Ölkədə məruz qaldığınız hücumlar və təqiblər və ya sizə təhlükə yaradan hallar (həbs olunmanız, pis rəftar, fərqli münasibət, işgəncə və s.) qaçışa səbəb olan konkret halları ardıcıllıqla göstərməlisiniz. Aydın, ardıcıl və inandırıcı məlumatlarınız ifadə verdiyiniz şəxsin sizə inamını artıracaq. Azərbaycana dönəcəyiniz halda konkret sizi gözləyən təhlükə haqqında daha geniş məlumat verməyə çalışın. Azərbaycandakı siyasi vəziyyət haqqında soruşmasalar məlumat verməyə ehtiyac yoxdur. Çünki, həmin məmur Azərbaycandakı vəziyyəti həmin anda sizdən daha dəqiq bilir, buna əmin olun.
  11. İfadənizdə ölkədən qaçmanıza səbəb olan halları çox aydın göstərin. Sizə verilən sualları birbaşa cavablandırın. Dolayısı cavabların mənası tərcümə zamanı itə bilər.
  12. Bir daha Unutmayın! Sizdən ifadə alan məmurlar Azərbaycan haqqında kifayət qədər məlumatlıdırlar. Odur ki, ona demək üçün özünüz haqqında yalan hekayələr düşünməyin.
  13. Əgər səhhətinizdə hər hansı problem varsa bildirin ola bilsin ki, olduğunuz ölkədə sizin müalicəniz mümkün olacaqdır.
  14. İfadə alan məmur sizdən verdiyiniz ifadənin bəzi sahələri ilə bağlı dəqiqləşdirici suallar verə bilər. Bunu normal qiymətləndirin və siz sualları daha detallı və aydın cavablandırmağa çalışın. Verilən sualları həyəcanlanmadan cavablandırın. Həyəcanlandığınız halda ifadə vermə prosesini dayandıra və həyəcanınız keçəndən sonra davam etdirə bilərsiniz.
  15. Sizin verdiyiniz ifadə qeydə alınır və başa çatandan sonra izahlı şəkildə tərcüməçi tərəfindən sizə oxunur. Yazılanlar sizin dediklərinizə uyğun olmadığı halda dərhal düzəliş tələb edin. Müsahibə vermə prosesi başa çatandan sonra sizdən verdiyiniz ifadəni imzanızla təsdiq edilməsi təklif ediləcək. Siz bir daha diqqətlə müsahibəni tərcüməçiyə oxutmalı və düzəlişlərinizin nəzərə alındığını dəqiqləşdirdikdən sonra imza etməlisiniz. Razılaşmadığınız hallar olduqda imza etməyin və dərhal vəkilə və ya bu səhifədə göstərilən nömrələrə zəng edin və müsahibə verdiyiniz şəxsin qanunsuz hesab etdiyiniz əməllərindən vəkilinizə şikayət edin və ya bizə məlumat verin. Biz çıxış yolunu göstərəcəyik.
  16. İmza etdiyiniz sənədin bir sürətini dərhal almalısınız. Sonra isə, vəkilinizlə bir daha təhlil etsəniz yaxşı olar. Vəkiliniz olmadığı halda verdiyiniz ifadəni bizimlə də müzakirə edə bilərsiniz.
  17. Sizin haqqınızda yazılı qərar qəbul ediləcək və iki həftə ərzində sizə çöndəriləcək. Odur ki, şəxsi məlumatlarınızı və əlaqə telefonlarınızı dəqiq göstərməyə çalışın. “Qaçqın” statusu almaq niyyətində olan şəxsin özü və ailəsi barədə verdiyi bütün məlumatlar və müsahibə vaxtı dedikləri sorğu vərəqinə qeyd edilir. Həmin qərarla razılaşmadığınız halda şikayət edə bilərsiniz.

Xüsusi qeyd: Bu rəsmi sənəd deyil, sadəcə “Legat” hüquq firmasının tövsiyyələridir.