Binə qəsəbəsində 21 yaşlı gənc 5 nəfər tərəfindən döyülərək bıçaqlanıb. AzEuroNews.com-un məlumatına görə, ötən gecə Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq ticarət mərkəzinin yanında 21 yaşlı Həbibov Asif Ziyad oğlu tanımadığı şəxslər tərəfindən döyülüb.

Verilən məlumata görə, zərərçəkən təcili tibbi yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib. Xəstəxanada sağ budun deşilmiş-kəsilmiş yarası üzərində müayinələr aparılıb və o, ambulator müalicəyə buraxılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi 2-ci polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Asif Həbibov ilkin izahatı zamanı bildirib ki, axşam saat 23 radələrində işlədiyi avtomobil yuma sexindən evə gələrkən 5 nəfər onun qabağını kəsib siqaret istəyiblər. Ancaq Asif siqaretinin olmadığını deyəndə üzərindəki pulları tələb ediblər. Həbibov pulunun da olmadığını deyəndə 5 nəfər onu döyməyə başlayıb, sonra isə bıçaqla ayağından bir neçə bıçaq zərbəsi vuraraq aradan çıxıblar.

Hazırda həmin şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.