Şəmkirdə 80 yaşlı qadına qarşı soyğunçuluq edilib. AzEuroNews.com-un məlumatına görə, cinayəti törədən şəxs istədiyi qəniməti əldə edə bilməyəndə yaşlı qadına müxtəlif bədən xəsarətləri yetirib. Polis tərəfindən isti izlərlə saxlanılan soyğunçu indi əməlindən çox peşmandır.

Fevral ayının 25-i gecə saat 03:00 radələrində Şəmkir rayonunun mərkəzində Məmmdəli Əhmədov küçəsi ev 143-ünvanında Valentina Tağıyevaya məxsus fərdi yaşayış evində cinayət hadisəsi baş verib. Bir nəfər şəxs evdə heç kimin olmadığını zənn edərək oğurluq məqsədi ilə mənzilə daxil olur. Əvvəlcə dəmir barmaqlıqlar sonra isə evdə olan 80 yaşlı qadın çağırılmamış qonağın arzusunu ürəyində qoyur. Planlarının alt-üst olduğunu görən çağırılmamış qonaq gücünü işə salaraq yaşlı qadına xəsarətlər yetirir. Yaşlı qadından pul tələb edən həmin şəxs istədiyini əldə edə bilməyincə ünvanı tərk edir.

Zərərçəkənin müraciəti əsasında Şəmkir Rayon Polis Şöbəsinin əməliyyatları sözügedən ünvana gəlib. Elə ilk cəhdəcə cinayəti üstü açılıb. Müəyən edilib Valentina Tağıyevaya qarşı soyğunçuluq edən zərərçəkənin qonşusu 31 yaşlı Emin Namazovdur.

Saxlanılan Emin Namazov əməlini səmimi etiraf edib. O bildirib ki, 80 yaşlı qadının evdə olmasından xəbərsiz olub. Namazov hadisə vaxtı sərxoş olmasını bəhanə edərək özünü sudan quru çıxartmağa çalışıb.

Əvvəllər bir dəfə məhkumluq həyatı yaşayan Emin Namazovun görünür ilk cəzası yüngül olub. Bu dəfə isə günahı tam sübuta yetirilərsə onu daha ağaır cəza gözləyir.

 

60af19f4-f758-4236-b52b-62ea57c70273 23338de8-dde0-49ba-9e22-a30c2c9c98d1 cb2df45e-5e31-45c9-adba-0025b4529fd2