Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Radio, Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi arasında əldə olunan razılığa əsasən TRT 1 televiziya kanalının Azərbaycan ərazisində sosial paket daxilində yayımı bərpa olunacaq.

Bu barədə “Report”a TİKA-dan məlumat verilib.

2016-cı ilin noyabr ayından etibarən mərhələli şəkildə Azərbaycan ərazisində analoq TV yayımının dayandırılmasından sonra, TRT 1 televiziya kanalı martın 1-dən etibarən öz verilişləri ilə rəqəmli sosial paket daxilində gündəlik 24 saat Azərbaycan tamaşaçısının qarşısına çıxacaq.

Qeyd edək ki, TRT 1 televiziya kanalı, 1995-ci ildən etibarən Azərbaycan və Türkiyə hökumətlərarası müqavilə əsasında yayımı həyata keçirir.