Bakı şəhər İcra hakimiyyətinin Xidmət və Ticarət Departamenti Novruz bayramı ilə əlaqədar olaraq paytaxtda bayram yarmarkası təşkil edib.

Bu barədə BakiPost.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, yarmakalar təxmini olaraq 20-25 gün müddətində fəaliyyət göstərəcək:“Əhali həmin yarmakalarda bazardakı qiymətlərdən fərqli qiymətlə üzləşəcəklər. Həmin yarmarkalarda alış-veriş nisbətən asan olacaq. Yəni bazara getməyə çətinlik çəkənlər yol üstü oradan alış-veriş edib evlərinə gedə biləcək. Yarmakaların təşkil edilməsinin əsas məqsədi budur”.

Əlabbas Bağırov bildirib ki, Novruz ilə bağlı yarmakalarda bayram şirniyyatları, səməni, güllər və digər lazımlı məhsullar satılacaq.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, hazırda metronun “Nərimanov”, “28 may” 2 və “Gənclik” stansiyalarının yaxınlığında yarmakalar quraşdırılıb: “Həmçinin metronun “Koroğlu”, “Xətai” stansiyalarında və başqa bir neçə yerdə də bayram yarmakalarının quraşdırılacağı gözlənilir”.