“Bu gün Ermənistanın dövlət borcu 5,2 milyard dollar təşkil edir, məcmu xarici borcu isə 8 milyard dollardır”.

“Report” “News.am”a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın sabiq baş naziri Qrant Baqratyan deyib.

O, bildirib ki, ölkənin xarici borcları durmadan artır. Bu isə Ermənistanı iqtisadi kollapsa gətirib çıxara bilər. “Bu sürətlə heç hara gedə bilmərik. Biz iqtisadi kollapsa doğru gedirik. Biz nəinki pis, hətta borc içində yaşayırıq”, – deyə o qeyd edib.

Sabiq baş nazir əlavə edib ki, son 10 il ərzində ölkədə yoxsulluğun göstəricisi təkcə rəsmi məlumatlarda 23 faizdən 30 faizə yüksəlib. Baqratyan vurğulayıb ki, əslində yoxsulluğun real səviyyəsi bundan da yüksək – 38 faiz təşkil edir.

Sabiq baş nazirin sözlərinə görə, xarici borc və yoxsulluq problemini həll etmək üçün bir sıra tədbirlər görmək, o cümlədən ÜDM-in artım tempini sürətləndirmək lazımdır. O, qeyd edib ki, əgər ölkəyə böyük sərmayələr qoyulmağa imkan verilsə, ayrı-ayrı sahələrdə inhisarçılıq ləğv edilsə, iqtisadi artım sürətlənəcək və ildə 6,5 – 7,5 faizə çatacaq.