Suraxanıda içki məclisindən sonra qayın yeznəsini öldürüb. AzEuroNews.com-un məlumatına görə, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb. Belə ki, Bülbülə qəsəbə sakini 48 yaşlı Həsənov Ramiz İbrahim oğlu bacısının həyat yoldaşı, 52 yaşlı Hacıyev Cavanşir Ənvər oğlunu öz evində mətbəxt bıçağı ilə qətlə yetirib.

Hadisənin necə baş verməsinə gəlincə, verilən məlumata görə, Ramiz Həsənov ötən axşam bacısıgilə gəlib. Orada yeyib-içdikdən sonra sözü çəp gəldiyindən yeznəsini – Hacıyev Cavanşir Ənvər oğlunu bıçaqla qətlə yetirib.

Suraxanı Rayon Polis İdarəsi 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ramiz Həsənov saxlanılıb. İlkin dindirmələr o bildirib ki, Cavanşir Hacıyev həyat yoldaşını daim incidirmiş. Ramiz Həsənov dəfələrlə yeznəsinə bacısını incitməməsilə bağlı xəbərdarlıq etsə də, Cavanşir qaynının sözlərinə əhəmiyyət verməyib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb və hazırda qətlin motivi araşdırılır.

Qeyd edək ki, Ramiz Həsənov əvvəllər narkotik maddələrdən istifadə etdiyinə görə məhkumluq həyatı yaşayıb.

suraxani 2