Abşeron polisi oğurluqla məşğul olmaqda şübhəli bilinən 4 nəfərdən ibarət dəstəni yaxalayıb. AzEuroNews.com-un məlumatına görə, 24 yaşlı Ramil Abdullayev, 29 yaşlı Namiq Abuşov, 28 yaşlı Ramil Kərimov və 19 yaşlı Amal Qəmbərovu Abşeron rayon Polis İdarəsi və Mehdiabad Polis bölməsinin əməkdaşları birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlayıblar. Saxlanılan şəxslər Abşeron rayonun Mehdiabad, Fatmayı, Goradil kənd ərazilərində 15-dən çox evdən oğurluq ediblər. Dəstə üzvləri müxtəlif vaxtlarda evlərdən qızı-zinət əşyaları və plazma yelevizorları oğurlayıblar. Oğurluq təklifi Namiq Abuşovdan gəlib. O, bütün oğurluqlarda iştirak edib və evlərə özü daxil olub.

Dəstə üzvləri əsasən televizor oğurlayıblar. Oğurluq malların satışı ilə Ramil Abdullayev məşğul olub. İki ay əvvəl ata olan Ramil Abdullayev oğurluq etməsini etiraf edib.

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.

84c442d1-9425-460c-84b5-c64f3c1bfc88