İngiltərənin “Arsenal” futbol komandasının baş məşqçisi Arsen Venger İspaniya “Real Madrid”inin sükanı arxasına keçə bilər.

“Report”un AS nəşrinə istinadən verdiyi məlumata görə, bu, “kral klubu”nun Zinədin Zidanın rəhbərliyi altında ölkə çempionu olmayacağı təqdirdə baş verəcək. Xəbərdə bildirilir ki, klubun prezidenti Florentino Peres uzun illərdir Vengerin nailiyyətlərini diqqətdə saxlayır. Baxmayaraq ki, hazırda 67 yaşlı mütəxəssisin karyerasında eniş yaşanır. Fransalı baş məşqçi bu yaxınlarda PSJ ilə danışıqlar apardığına dair xəbərləri təkzib edib. Onun 21 ildir rəhbərlik etdiyi “Arsenal”la müqaviləsi isə cari mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Zinədin Zidan 2016-cı il yanvarın 4-də “Real Madrid”in baş məşqçisi təyin olunub. O, ötən mövsüm komanda ilə Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatının qalibi olub. Cari mövsümdə isə “kral klubu” La Liqada 28 oyundan 68 xalla liderdir və Çempionlar Liqasında 1/4 finala yüksəlib.