Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

AzVision.az xəbər verir ki, iclasda “Reklam haqqında” qanuna təklif edilən əlavə müzakirəyə çıxarılıb.

Əlavəyə əsasən, bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) “dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək cərimə ediləcək.

Bundan başqa, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək cərimə ediləcək.