Bakı Nəqliyyat Agentliyi yeni Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması istiqamətində tədbirlərini davam etdirir. Agentlikdən Lent.az-a verilən məlumata görə, artıq metronun Dərnəgül stansiyası yaxınlığındakı ərazidə növbəti Nəqliyyatı Mübadilə Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb. Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hazırda ərazinin asfalt örtüyü yenilənir. Bu işlər yekunlaşdıqdan sonra avtobusların və sərnişinlərin rahat, eyni zamanda təhlükəsiz hərəkəti üçün zəruri tədbirlər görüləcək, əlavə dayanacaq pavilyonları qoyulacaq. Layihəyə əsasən, Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzində avtobuslarla yanaşı, taksilər üçün də duracaq müəyyənləşdirilib.

İlkin mərhələdə Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinə əsasən Binəqədi, Biləcəri, Mehdiabad, Fatmayı, Məhəmmədi, Pirşağı, Digah və Novxanı kimi kənd və qəsəbələrdən gələn 17 marşrut xətti üzrə avtobusların daxil olması planlaşdırılır. Hazırda bu marşrut xətlərinin əksəriyyəti üzrə avtobusların son dayanacaq məntəqəsi metronun “Azadlıq Prospekti” stansiyası müəyyən edilib. Bu isə gün ərzində, xüsusən də pik saatlarda həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olur. Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildikdən sonra avtobusların xaotik hərəkətindən qaynaqlanan bu problem aradan qalxacaq. Gələcəkdə Dərnəgül Nəqliyyatı Mübadilə Mərkəzinin imkanlarından asılı olaraq, bura daxil olması planlaşdırılan marşrut xətlərinin sayı artırıla bilər.