Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Kutaisi şəhərinin meri Şota Murquliyanın dəvəti ilə “Kutaisi Günləri” tədbirində iştirak etmək üçün bu şəhərdə səfərdə olub.

 AzEuroNews.com APA-ya istinadən xəbər verir ki, Kutaisi meri E. Vəliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Gürcüstan, eləcə də ayrı-ayrı regionlarımız arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Ş. Murquliya Gəncə və Kutaisi şəhərləri arasında 1996-cı ildə əsası qoyulmuş mehriban dostluq və əməkdaşlıq əlaqələrinin bu gün uğurla davam etdiyini bildirib. Qeyd edib ki, bu cür səfərlər münasibətlərimizin daha da dərinləşməsində mühüm rol oynayır.

E. Vəliyev isə bu əlaqələrin qardaşlıq xarakteri daşıdığını bildirib: “Bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi Gəncə və Kutaisi şəhərləri arasında münasibətlərin davamlı olması və digər sahələrdə inkişaf etdirilməsi üçün səylərimizi artıracağıq”.

Söhbət zamanı qarşılıqlı səfərlərin, Gəncə və Kutaisi şəhərləri arasında əməkdaşlığa dair imzalanmış memorandumun əhəmiyyəti xüsusi qeyd olunub. Şəhər rəhbərləri ikitərəfli əlaqələrin inkişafı, əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da artıracaqlarını bildiriblər.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəki baş konsulu Rəşad İsmayılov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev də iştirak ediblər.

Tədbirin rəsmi açılışında E. Vəliyev çıxış edərək, kutaisililəri şəhər günü münasibətilə təbrik edib, Gəncə və Kutaisi arasında dostluq münasibətlərinin, sıx əməkdaşlığın iki ölkəyə uğurlar gətirdiyini bildirib.

Qeyd edək ki, XIX əsrdən başlayaraq hər il Gürcüstanın Kutaisi şəhərində adət-ənənəyə uyğun 1-3 mayda “Qviriloba” adlı şəhər günü keçirilir. Şəhər günlərində Gürcüstanın və dost ölkələrin incəsənət və mədəniyyət ustalarının, folklor, estrada ansambllarının konsertləri keçirilir, festivallar, teatr tamaşaları, sərgilər təqdim olunur.

Gəncə ilə Kutaisi arasında ötən ilin iyun ayında qardaşlıq memorandumu imzalanıb. Şəhərlər arasında sıx əməkdaşlıq və dostluq əlaqələri günbəgün genişlənir, iqtisadi, mədəni inkişafa dəyərli töhfələr verir.

Mayın 2-də tədbir çərçivəsində qardaş şəhərlərdən və dost ölkələrdən gələn rəsmi nümayəndələr, qonaqlar “Baqraiti” otelində bayram tədbirinin açılış mərasimində iştirak ediblər. Sonra iştirakçılar tərəfindən şəhər mərkəzində yerləşən “Üc Otaris” heykəli ziyarət olunub. “Qviriloba-2017” tədbirində teatrlaşdırılmış səhnələr, gürcü xalq sənətkarlığı nümunələrindən, foto-şəkillərdən, əl işlərindən ibarət sərgilər nümayiş edilib. Tədbir çərçivəsində Kutaisi şəhər Turizm Mərkəzinin açılışı olub. Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iştirak edib.

Günün ikinci yarısında şəhərin Muxnari meşəsində möhtəşəm bayram şənliyi reallaşıb. Şənlikdə etnoqrafik festival, gürcü güləşi, İmereti rayonunun incəsənət ustalarının konserti böyük maraq doğurub. Tədbir Kutaisi Dövlət Teatr Evində Qala konserti ilə davam edib. Konsertdə Kutaisi Dövlət Folklor ansamblının mahnı və rəqs nömrələri iştirakçılarda xoş ovqat yaradıb.

IMG_3245-04-05-17-01-05 IMG_3246-04-05-17-01-05 IMG_3247-04-05-17-01-05