Dünən “Porsche Cayenne Magnum” markalı avtomobillə gənc qadının ölümünə səbəb olan, bununla da  mətbuatın gündəmini zəbt edən Ağaəli Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğlu olduğuyla bağlı məlumat yayılıb. Sosial şəbəkələrdə və bəzi media qurumlarında yayılan xəbərdə bildirilir ki, qızın ölümünə səbəb olan 14 yaşlı yeniyetmənin atası Füzuli Fərəcov icra başçısının doğma qardaşıdır və o əvvəllər Bakıxanov qəsəbəsindəki ”Badu kubə” restoranının sahibi olub, sonradan həmin restoranı sataraq “MOHİTO” və “PARODİZ” klublarını, Novxanıdakı ”Kalyon” restoranını tikdirib.
Zakir Fərəcovun yaxın qohumları BakiPost.az-la əlaqə saxlayaraq yayılan məlumatlara aydınlıq gətirib. Onlar sözügedən şəxsi tanımadıqlarını və adıçəkilən obyektlərin onlara aidiyyəti olmadığını bildiriblər: “Zakir Fərəcovun Füzuli Fərəcov adlı heç bir qohumu yoxdur. Biz elə şəxsi tanımırıq. Adını ilk dəfə mətbuatda oxumuşuq”.
BakiPost.az-ın araşdırması nəticəsində məlum olub ki, oğlu bahalı maşınla adam vuran iş adamı Füzuli Fərəcov əslən Naxçıvandandır. Sumqayıtın icra başçısı Zakir Fərəcovun əsli isə Zəngilan rayonundandır. Yəni soyadlar eyni olsa da, qeyd olunan şəxslərin heç bir qohumluq əlaqəsi yoxdur.
Bakı Post