Bu gün Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının 25-ci Zirvə toplantısı öz işinə başlayıb.

R. T. Ərdoğan qeyd edib ki, QDİƏT toplantılarında aktiv iştirak etmək, əhalinin rifahını yüksəldəcək layihələri həyata keçirmək üzv dövlətlərin birbaşa vəzifəsidir: “Bununla belə, xalqlarımız arasında əlaqələri inkişaf etdirmədən digər cəhdlərin yetərsiz olduğu aydın görünür. Üzv dövlətlər olaraq fərqli dil və mədəniyyətə, siyasi anlayışlara, iqtisadi səviyyələrə sahib olsaq da, üzv dövlətlərin dərdi və sevinci Qara dəniz coğrafiyasında cəmləşir”.

Türkiyə prezidenti deyib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı sadəcə bir ortaqlıq deyil,  eyni zamanda bir qonşuluq həmrəyliyidir: “Biz Anadoluda qonşu qonşunun külünə möhtacdır deyirik. Bu gün bizə “Qara Dəniz İqtisadi ƏməkdaşlıqTəşkilatının ən böyük nailiyyəti nədir?” sualını versələr, mən cavab verərdim ki, dünyanın ən çətin çografiyalarından birində bölgə ölkələrini eyni masa ətrafında və ortaq maraqlar çərçivəsində birləşdirmək bacarığıdır. Bölgə ölkələri arasında siyasi, hətta hərbi münaqişələr ola bilər. Biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını bu münaqişələrdən uzaq tuta bilsək, təşkilatın daha faydalı fəaliyyətini təmin edə bilərik. Bundan başqa, çətinliklərin həll edilməsində təsirli bir vasitənin tapılmasının vacib olduğunu düşünürük. Bunun üçün siyasi mübahisələrə yol vermədən fərqliliklər üzərində deyil, müştərək cəhətlər istiqamətində fəaliyyəti davam etdirməliyik. Bu baxımdan təşkilatın işçi qruplarının gücləndirilməsi çox önəmlidir”.

Türkiyənin 5 işçi qrupunun işini əlaqələndirdiyini söyləyən R.T.Ərdoğan bildirib ki, hər  üzv dövlətin bir işçi qrupunun əlaqələndiricisi olmasının tərəfdarıdır.

Qeyd edək ki, zirvə toplantısının sonunda yekun bəyannamənin qəbul edilməsi gözlənilir. Bəyannamədə təşkilatın davamlı inkişaf perspektivləri öz əksini tapacaq.

Xatırladaq ki, QDİƏT 1992-ci il iyunun 25-də İstanbulda Azərbaycan da daxil olmaqla, 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə təsis edilib. Hazırda təşkilatda 12 ölkə – Albaniya, Azərbaycan, Türkiyə, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Ukrayna, Ermənistan və Serbiya təmsil olunur.