İspaniyanın Ali Məhkəməsi Argentina milli komandasının və “Barselona”nın futbolçusu Lionel Messinin vergidən yayınma işi üzrə 21 aylıq azadlıqdan məhrumetmə qərarını qüvvədə saxlayıb. “Report”un məlumatına görə, bu barədə məhkəmənin bəyanatında bildirilir.

Qərara əsasən, 30 yaşlı hücumçunun atası Xorxe Orasio Messi barəsində 21 aylıq azadlıqdan mərhumetmə cəzası 15 aya endirilib. Sənəddə L.Messinin 21 aylıq cəza ilə yanaşı, 2,1 milyon avro cərimə ödəyəcəyinə dair qərarın da qüvvədə saxlanıldığı deyilir.

Qeyd edək ki, məhkəmə ötən ilin iyulunda Lionel Messi və onun atası Xorxe Orasio Messi barəsində 21 ay müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb. Futbolçu və onun meneceri olan atası 2013-cü ilin yayından İspaniyada vergidən yayınma maddəsi ilə ittiham olunub. Adları çəkilən hər iki şəxsin 2007 – 2009-cu illərdə vergi sənədlərini saxtalaşdırmaqla İspaniya büdcəsinə 4.1 milyon avro ziyan vurduğu bildirilib. Məhkəmənin qərarına əsasən, Messi 2,1 milyon avro, atası isə 1.5 milyon avro cərimələnib.

İspaniya qanunlarına görə, cəza 24 aydan az olarsa, şəxslər “dəmir barmaqlıq”lar arxasında düşmürlər.