Rusiya Bankı (Mərkəzi Bank) milli kriptovalyutasını hazırlayacaq. “Report” “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Bankının Olqa Skoroboqatova açıqlama verib.

Skoroboqatova Peterburq iqtisadi forumunda çıxışında bildirib ki, “bütün ölkələrin mərkəzi bankları bu fikrə gəlib ki, öz milli kriptovalyutalarını yaratmaq lazımdır, bu, gələcəkdir. Bunun dəqiq vaxtını hər bir ölkə özü təyin edəcək. Pilot layihə ilə Rusiya milli valyutası üçün hansı sistemi istifadə edəcəyini müəyyən edəcək”.

Söhbət rublun virtual analoqundan gedir. Bu pul elektron şəkildə olacaq. Nəticədə, ölkədə qeyri-nağd pul dövriyyəsi artacaq. Bununla yanaşı Rusiya Bankı öz kriptoqrafiyasını yaradaraq əməliyyatları qorumağa çalışacaq.

Rusiya Bankının pilot layihəsi maliyyə bazarı iştirakçıları və “Fintex” şirkəti tərəfindən həyata keçiriləcək. İlk hazırlıqların 2-3 ilə tamamlanması gözlənilir. Rəqəmsal valyuta bölüşdürülmüş reyestrlər texnologiyaları bazasında aparılacaq. Bu texnoogiyalardan onlarla olsa da, ən geniş yayılmışı blokçeyndir.