“Oyun ərzində sakit olmalıyam. Əgər narahatlıq baş verərsə, öz emosiyalarımı tarazlamalıyam. Bu, mənim edə biləcəyim işdir”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözlər “Yuventus”un qapıçısı Canluici Buffona məxsusdur.

“Qoca sinyora” bu gün Çempionlar Liqasının final mərhələsində “Real”la qarşılaşacaq. Oyundan öncə açıqlama verən təcrübəli “çərçivə qoruyucusu” fikirlərini bildirib. O, hər iki komandanın şanslarının bərabər olduğunu deyib: “Əlbəttə, bu, böyük oyun olacaq. Final bütün oyunlardan fərqli olur. Hər iki komanda üçün çətin oyun olacaq”.

Buffon “Real”ın protuqaliyalı futbolçusu Kriştianu Ronaldo haqda fikir bildirib: “Kriştianu hər kəs tərəfindən heyran olunan nümunəvi atletdir. Ona sadəcə, örnək kimi baxmalısan. “Qızıl top” uğrunda mübarizə? Əlbəttə, jurnalistlər mənimlə bağlı gözəl fikirlər yazırlar. Lakin heç vaxt bu titul uğrunda Ronaldo ilə qarşı-qarşıya gələcəyimi düşünməmişəm. Bizim meydandakı rollarımız müxtəlifdir. Mən qapıma gələn topun qarşısını kəsməliyəm, o isə qollar vurmalıdır”.

Canluici “kral klubu”nun baş məşqçisi, vaxtı ilə “Yuuventus”da çiyin-çiyinə oynadığı Zinəddin Zidan haqda danışıb: “Zidan hər zaman qaliblər sırasına daxildir. Həm futbolçu, həm də baş məşqçi kimi Çempionlar Liqasının qalibi olub. Ancaq hər zaman qalib olmaq olmur və ümid edirəm ki, bu gün də belə olacaq. Əgər Zidan bu gün məğlub olsa, heç nə itirməyəcək”.

Təcrübəli qapıçı Madrid təmsilçisinin qapıçısı Keylor Navas haqda müsbət fikirlər səsləndirib: “Keylor Çempionlar Liqasının qalibi olduğu üçün məndən bir pillə yüksəkdədir. O, komandası üçün yaxşı işlər görür və “Real”ın ən yaxşı futbolçularındandır. Məncə, Keylor mövsümün ən yaxşı qapıçılarından biridir”.