Müxtəlif şəxslər barəsində guya rüsvayedici məlumatlar yayacağı adı altında onları hədələyərək qanunsuz olaraq pul tələb edən şəxs ifşa olunub. AzEuroNews.com-un məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Ağcəbədi rayon sakini əvvəldən tanıdığı Rakif adlı şəxsin onun barəsində rüsvayedici  məlumatlar yayacağı ilə hədələyərək külli miqdarda  pul tələb etdiyi barədə məlumat verib.  Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Rakif Quliyev qeyd edilən xanımdan 3000 ABŞ dolları alan zaman saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Rakif Quliyev 2017-ci ilin yanvar ayından saxlanılan günə kimi eyni üsulla zərərçəkəndən müxtəlif vaxtlarda 2000 manat, 2 ədəd brilyant üzük, 1 ədəd brilyant kolye, 10 ədəd “Nikolay” qızıl onluq, 9 ədəd “Nikolay” qızıl 15-lik, 1 ədəd “Osmanlı” qızıl onluq, 1 ədəd qızıl 20-lik ABŞ dolları, 1 ədəd “Nizami Gəncəvi” qızıl külçəsi və 1 ədəd Avstriya qızıl külçəsi alıb. Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

2d8712c6-c767-4c28-873f-4e32ea7a12f2 4727e761-7117-4d20-8b25-4765d8ea697e