Futbol üzrə Almaniya milli komandasına Rusiyada keçiriləcək Konfederasiyalar Kuboku üçün yeni kapitan seçilib. “Report”un məlumatına görə, bu, Fransa PSJ-sinin yarımmüdafiəçisi Yulian Drakslerdir.

24 yaşlı oyunçu ilk dəfə bu funksiyanı ötən gün Danimarka ilə yoldaşlıq görüşündə yerinə yetirib. Baş məşqçi Yoahim Löv 1:1 hesablı heç-heçə ilə nəticələnən görüşdə Drakslerin oyunu və məsuliyyəti öz üzərinə götürdüyünü və komandanı öz arxasınca apardığını bildirib.

İyunun 17-də start götürəcək Konfederasiyalar Kubokunda Löv bir çox ulduz futbolçunun xidmətindən yararlanmayacaq. Qrup mərhələsində Bundestimin rəqibləri Avstraliya, Çili və Kamerun olacaq.

Qeyd edək ki, Almaniya millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. İki komanda arasında martın 26-da Bakıda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 4:1. Kapitan sarğısını Sami Xediranın daşıdığı qarşılaşmada Yulian Draksler 84 dəqiqə forma geyinib.